Yanukoviç ölkədə 10 illik islahatların başlanğıcını bəyan edir
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə 10 illik islahatlar proqramını gerçəkləşdirəcəyini bəyan etmişdir. Onun dediyinə görə, proqramın başlıca məqsədi Ukraynanı dünyanın 20 ən qabaqcıl ölkələri sırasına daxil etməkdir. "Bizi uğurlara doğru aparacaq islahatların birinci mərhələsinin başlanğıcının yetişdiyini bəyan edirəm" deyə V.Yanukoviç bildirmişdir. O, dediklərinə bunu da əlavə etmişdir ki, başçılıq etdiyi hökumət büdcə defsitini aşağı salmaq, dövlət borcunu sabitləşdirmək, vergi yükünü yüngülləşdirmək və onun bazasını genişləndirmək niyyətindədir. Bundan başqa, Ukrayna prezidenti inflyasiya meyilini azaldacağını, iqtisadiyyatın kreditləşdirilməsini təmin edəcəyini və maliyyə bazarlarını inkişaf etdirəcəyini də bildirmişdir. Onun fikrincə, bu tədbirlərin həyata keçirilməsi nəticəsində biznesə yönəldilmiş vergi yükü xeyli yüngülləşdiriləcəkdir. Ukrayna hökuməti islahatlar yolu ilə ölkənin innovasiya inkişafını stimullaşdırmağı, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələri ilə azad ticarəti inkişaf etdirməyi və Avropa Birliyi ölkələri ilə vizasız rejim tətbiq etməyi nəzərdə tutur.
Xatırladırıq ki, V.Yanukoviç 2010-cu ilin fevralında ölkə prezidenti seçildikdən sonra, ölkədə islahatlar və struktur dəyişiklikləri yaratmağa nail olmuşdur. Nəticədə, iqtisadi islahatlar üzrə komitə, məhkəmə islahatlarının keçirilməsi üzrə işçi qrupu və korrupsiya əleyhinə milli komitə yaradılmışdır.