Barak Obama İsrailin nüvə maraqlarını müdafiə edəcək
ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Binyamin Netaniyaquya İsrailin strateji maraqlarını müdafiə edəcəyi vədini vermişdir. "Haaretz" qəzeti bu haqda məlumatı İsrailin baş nazirinə yaxın mənbələrin verdiyini bildirir. Qəzet yazır ki, B.Obama B.Netaniyaquya "möhkəm təminat" vermişdir. ABŞ prezidenti nüvə silahlarının yayılmaması haqqında müqaviləyə baxıldıqdan sonra, İsrailin "həyati maraq" potensiallarına xətər toxunmayacağını bildirmişdir. O, bundan sonra ABŞ-la İsrail arasında əlaqələrin daha da möhkəmləndiriləcəyini vəd etmişdir.
Bu vəd İsrailə mayın 28-də Nyu-Yorkda nüvə silahlarının yayılmaması haqqında müqaviləyə həsr olunan konfransda verilmişdir. Həmin konfrans iştirakçısı olan ölkələr İsraili nüvə silahından məhrum etməyə cəhd edirdilər. Bununla əlaqədar, həmin gün qəbul edilmiş əsasnamədə İsraildən tələb edilirdi ki, nüvə silahının yayılmaması haqda müqaviləni imzalasın. İndiyədək İsrail nüvə silahı olduğu halda, müqaviləni imzalamayan ölkə kimi tanınmaqdadır. Daha üç nüvə ölkəsi - Hindistan, Pakistan və Şimali Koreya nüvə müqaviləsini imzalamamışdır.
"Frans Press" informasiya agentliyinin məlumatına görə, dünyanın bir neçə ölkəsində İsrailin "azadlıq donanması"na hücum etməsi əleyhinə mitinqlər keçirilmişdir. Türkiyəyə məxsus "Mavi Mərmərə" gəmisinə hücum edən İsrail ordusu doqquz nəfərin ölümünə, 33 nəfərin isə yaralanmasına səbəb olmuşdur. Mayın 31-də İstanbulun Taksim mərkəzi meydanına 10 min nəfərədək nümayişçi toplaşmışdır. Mitinq keçirənlər İsrail əleyhinə şüarlar səsləndirmiş və bu ölkənin bayrağını yandırmışlar. Onlar həm də İsrailin Türkiyə konsulluğunu hücumla ələ keçirməyə cəhd etmişlər. Asiya və Şimali Afrikanın müsəlman ölkələrində də çoxminli mitinqlər keçirilmişdir.
Böyük Britaniya paytaxtında 2 min nəfərə yaxın nümayişçi ölkənin baş naziri Devid Kemeronun iqamətgahı önünə toplaşmışdır. Yığışanlar "Fələstinə azadlıq!" və digər şüarlar səsləndirmişlər. Fransa, Yunanıstan, İsveçrə, Niderland və Skandinaviya ölkələrində də İsrail əleyhinə aksiyalar keçirilmişdir.
Bir gün əvvəl, İsrail hərbçilərinin bəd əməlləri əleyhinə Türkiyə rəhbərliyi, BMT-nin baş katibi Pan Gi Mun, Rusiya xarici işlər naziri və Fransa prezidenti Nikolya Sarkozi çıxış etmişdir. Türkiyənin xarici işlər naziri İsraildəki ölkə səfirini geri çağırmışdır.