Türkiyə İsraili ittiham edib
Türkiyənin Xarici İşlər Nazirliyi İsrail hərbçilərinin beynəlxalq "müstəqillik donanması" tərkibindəki Türkiyə gəmisinə hücumunu "qeyri-bəşəri aksiya" kimi dəyərləndirmiş və bu aktın "beynəlxalq hüquq normalarına" zidd olduğunu bəyan etmişdir. Nazirlik belə hesab edir ki, bu insident ölkələrin qarşılıqlı münasibətlərinə mənfi təsir edəcəkdir.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrailin dənizdə fəaliyyət göstərən xüsusi xidmət dəstəsinin "müstəqillik donanması" bortuna qalxması nəticəsində, gəmidə 16 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Avropanın hüquq-müdafiə təşkilatına məxsus altı gəmi mayın 31-də İsrail dənizçiləri tərəfindən saxlanmışdır. Həmin gəmilər Qəzza bölgəsinin dəniz blokadasını yarmaq məqsədi güdmüşlər. Türkiyəyə məxsus katerin bortuna qalxan İsrail dənizçiləri sərnişinlərə və gəmi heyəti üzvlərinə atəş açmışlar. İsrail tərəf onlara soyuq silahla hücum edildiyini iddia edir.
"HƏMAS" hərəkatı üzvləri müsəlmanları İsrailin dünya ölkələrindəki səfirliklərinin qarşısında piket keçirməyə çağırmışlar. "HƏMAS"-ın Qəzza bölgəsindəki tanınmamış lideri İsmail Xaniyə BMT-nin baş katibi Pan Gi Muna müraciət edərək, Qəzza bölgəsini katerlərlə təmin etməyə xahiş etmişdir. Bir müddət əvvəl, İsrail belə bir bəyanat vermişdi ki, "müstəqillik donanması" tərəfindən daşınan humanitar yüklər ələ keçirilərək, BMT kanalları vasitəsilə Qəzza bölgəsinə ötürüləcəkdir. Qəzzanın dəniz blokadası üç gündür ki, davam etdirilir. Hüquq-müdafiə təşkilatları Fələstinə bir neçə dəfə kater göndərməyə cəhd etsələr də, səkkiz hadisədən beşində buna nail olmamışdılar.
"BBC Nyus" agentliyinin yaydığı məlumata görə, Türkiyənin İskəndərun şəhərindəki hərbi-dəniz bazasının raket atəşinə tutulması nəticəsində altı türk hərbi qulluqçusu qətlə yetirilmişdir. Türk əsgərləri cavab atəşi açsalar da, qarşı tərəfin nə qədər itki verdiyi bilinmir. Agentliyin məlumatına görə, insident Türkiyənin cənubunda mövqe tutan kürd separatçıları tərəfindən törədilmişdir. Hücum kürd üsyançılarının lideri Abdulla Öcalanın federal Türkiyə hökuməti ilə danışıqlardan imtina etdiyinin ertəsi gün baş vermişdir.