Gürcüstan seçkilərində Saakaşvili partiyası liderlik edir
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanın bələdiyyə seçkilərində, seçicilərin 11 faizinin səsləri hesablandıqdan sonra, məlum olmuşdur ki, ölkə prezidenti Mixail Saakaşvilinin başçılıq etdiyi "Vahid Milli Hərəkat" partiyası liderlik edir.
Tbilisi meri seçkilərində iqtidar partiyasının nümayəndəsi və şəhər meri Gigi Uqulava irəlidə gedir. 774 sahənin 82-sində səsvermənin nəticələri yoxlandıqdan sonra, məlum olmuşdur ki, G.Uqulava 54 faiz seçici səsi qazanmışdır. Müxalifətçi "Gürcüstan Uğrunda Alyans"ın namizədi İrakli Alasaniya 20 faiz səs qazanmışdır. Tbilisi meri seçkiləri majoritar sistemdə keçirilir və namizədlərin ikinci tura keçmələri üçün 30 faizlik baryeri aşmaları vacibdir. Hələlik, müxalifət seçkilərin uğursuz nəticələri haqda məlumat vermək istəmir. Müxalifətçi "Milli Şura" blokunun lideri Kaxa Kukava yaxın günlərdə öz mövqeyini ifadə edəcəyini vəd etmişdir.
Bir müddət əvvəl, müxalifətçilər exit-polların nəticələrini dərc etmişlər. Rəy sorğularına əsasən, İ.Alasaniya 37,6 faiz seçici səsi qazanacağı bildirilirdi. G.Uqulavanın isə 32,58 faiz səs qazanacağı gözlənilirdi. Bununla yanaşı, müxalifətçilər etiraf edirdilər ki, iqtidar partiyası 38,6 faiz seçici səsi ilə uğur qazanacaqdır.
Seçkinin son nəticələri iyunun 23-də elan ediləcəkdir.