PDF Oxu

Dünya

  • 15

Qırğızıstanda yeni konstitusiya hazırlanıb

Qırğızıstanda yeni konstitusiya hazırlanıb
"24.kq" Qırğızıstan informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanın müvəqqəti hökuməti ölkənin yeni konstitusiyası üzərində işini başa çatdırıb, onun mətnini dərc etmişdir. Əsas Qanunun mətni iyunun 27-də keçiriləcəyi gözlənilən ümumxalq refrendumuna çıxarılacaqdır. Yeni konstitusiya Qırğızıstanın dövlət quruluşunda dəyişiklik aparacaqdır. Yəni bundan sonra Qırğızıstan parlament respublikasına çevriləcəkdir. Ölkənin müvəqqəti hökuməti bu haqda qərarını dövlət çevirilişindən dərhal sonra - aprelin 6-7-də qəbul etmişdi. Konstitusiya müddəalarına əsasən, ölkə prezidenti cəmi bir dəfə altı il müddətinə seçiləcəkdir. Əvvəllər ölkə prezidenti beş il müddətinə seçilsə də, ikinci müddətə seçilmək imkanını da itirmirdi. Bundan başqa, Qırğızıstan prezidenti istisnasız toxunulmazlıq hüququna malik idi və cinayət məsuliyyətindən azad edilmişdi. Yeni konstitusiya qırğız dilinin statusunu dövlət dili kimi saxlasa da, rus dilinə rəsmi dil statusu vermişdir. Referendumda yeni konstitusiyanın qəbulu ilə birgə keçid dövrü üçün Qırğızıstan prezidenti haqqında dekret də daxil ediləcəkdir. Dekretdə keçid dövrü müddəti 2011-ci ilin axırlarınadək nəzərdə tutulur və bu vaxt ərzində ölkəyə müvəqqəti hökumətin sədri Roza Otunbayeva başçılıq edəcəkdir. Bu sənədə əsasən, prezident səlahiyyətlərini icra edən şəxs siyasi partiya üzvü ola bilməz. Buna görə də, R.Otunbayeva Sosial-Demokrat Partiyasının sıralarını tərk etməsi haqda bəyanat vermişdir.

Digər xəbərlər