Yeni Azərbaycan Partiyası həmsədrlərə etiraz məktubu ünvanlayıb
Məlum olduğu kimi, Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasında növbəti şou yaratmağa hazırlaşır. Bu mənada ki, qondarma "DQR"-dəki erməni separatçı rejimi tərəfindən bu ilin may ayının 23-də "parlament seçkiləri" keçirməyi planlaşdırıb. Təbii ki, bu, dünya birliyi tərəfindən bir daha pisləniləcək. Çünki beynəlxalq təşkilatlar, dünya ölkələri Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə qətnamə və qərarlarında bildiriblər. Bu gün isə, qondarma respublikadakı separatçıların növbəti yeni şou yaratması cavabsız qala bilməz.
Bu mənada, Yeni Azərbaycan Partiyası da ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qondarma Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"lə bağlı etiraz məktubu göndərib. Bu məktub Azərbaycan cəmiyyətində müsbət dəyərləndirilib. Söhbət etdiyimiz YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də Yeni Azərbaycan Partiyasının xalq partiyası olaraq daim xalqın istək və arzularının tərənnümçüsü olduğunu bildirib.
- Yeni Azərbaycan Partiyası Azərbaycanın hakim partiyasıdır, aparıcı siyasi təşkilatıdır. Ona görə də, Yeni Azərbaycan Partiyası Azərbaycanın taleyüklü məsələlərinə vaxtaşırı münasibət bildirməsi təbii haldır. Onu da vurğulayım ki, YAP həmişə cəmiyyətin istəklərinə və milli maraqlarına uyğun hərəkət edib. İşğal olunmuş torpaqlarımızda vaxtaşırı Ermənistan üzdəniraq seçki keçirir və oradakı müstəmləkəçi, işğal administrasiyasına bir qanuni don geydirməyə çalışır. Bu isə, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması və işğalçılıq siyasətinin təzahürüdür. Belə olan halda, hansı seçkidən söhbət gedə bilər ki, qondarma Dağlıq Qarabağın prezidenti elan olunmuş insan, bir müddət əvvəl, Ermənistanın müdafiə nazirinin müşaviri idi. Harda görünüb ki, bir ölkənin nazir müşaviri o biri ölkənin prezidenti olsun? Və yaxud da ki, Ermənistanın hal-hazırda Rusiyadakı səfiri Dağlıq Qarabağın vaxtı ilə qondarma parlamentinin sədri idi. Göründüyü kimi, bütün bunlar görünməmiş diplomatik oyunlardan başqa bir şey deyildir. Xaricdəki erməni diaspor təşkilatları işğal olunmuş zonada keçirilən "parlament seçkiləri"ni demokratiya təntənəsi kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışırlar. Azərbaycan hakimiyyəti, Mərkəzi Seçki Komissiyası, o cümlədən, Yeni Azərbaycan Partiyası bu məsələyə ciddi etirazını bildirdi. Şübhəsiz ki, bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də məsuliyyət daşıyacağı məqamı var. Həmsədrlərin məsələnin həllinin iki ölkənin öhdəsinə buraxması heç də beynəlxalq hüquq normalarına uyğun olan məsələ deyil.Çünki beynəlxalq hüquq normalarında birmənalı tərzdə işğal məsələsinə yox deyilir. Belə olan halda, həmsədrlər Ermənistana bu gün güzəşt siyasəti yeridilir, Ermənistanı özü saldığı situasiyadan min bir yolla çıxarmağa çalışırlar. Ona görə də, Yeni Azərbaycan Partiyasının bəyanatında olan fikirlər Azərbaycan cəmiyyətinin, hər bir azərbaycanlının fikiridir.
- Çox maraqlı məqam ondan ibarətdir ki, Avropa Şurasının məlum sessiyasında Andreas Herkel növbəti dəfə Azərbaycana qarşı riyakar mövqeyindən çıxış edərək, Dağlıq Qarabağda keçirilən seçkilərə kəskin reaksiya nümayiş etdirmək əvəzinə, ölkədə guya insan hüquqlarının pozulduğunu, söz və mətbuat azadlığının pozulması ilə bağlı əsasız fikirlər, bəyanatlar səsləndirdi.
- Şübhəsiz ki, bu yol Ermənistanı təmizə çıxarmaqdan başqa bir şey deyil. Diqqəti Azərbaycanın işğal edilmiş torpaqlar mövzusundan kənara çəkib, ölkə daxilində xırda bir məsələni böyütmək və olmayan məsələni cəmiyyətimizin adına yazmağa çalışırlar. Digər bir tərəfdən, nə üçün beynəlxalq təşkilatlar Ermənistanın ölkənin torpaqlarını işğal etməsinə sakit yanaşırlar? Bu gün heç kəs Robert Köçəryandan, Ter-Petrosyandan, Serj Sarkisyandan bu tələbi etmək istəmir. Hesab edirəm ki, bu gün məsələni-məsələyə qatmaq lazım deyil. Çünki ortada işğal faktı var. Nədənsə, torpaqları işğal edən Ermənistan beynəlxalq təşkilatların üzvüdür, onunla diplomatik əlaqələr saxlayır, erməniləri ağır situasiyadan çıxarmağa və ona yardım etməyə çalışırlar. Təsəvvür edirəm ki, İkinci Dünya müharibəsində Avropanın yarısını işğal etmiş faşist Almaniyası millətlər liqasının üzvü qalaydı, ona ABŞ Konqresi tərəfindən yardım ayrılaydı, orada xarici ölkələrin səfirlikləri olaydı. Həm beynəlxalq təşkilatlar, həm Böyük Britaniya, sonradan ABŞ Sovet İttifaqı ilə Almaniyanı öz aralarında razılığa gəlməyə çağırardılar. Göründüyü kimi, situasiya eynidir, torpaq işğal edilir, başqa ölkənin ərazi bütövlüyü pozulur, amma yanaşma metodları isə artıq fərqlidir. Bu fərqli metodlar isə, ancaq və ancaq Ermənistanı istənilən situasiyadan xilas etmək istəyindən irəli gəlir.
- Aydın müəllim, Yeni Azərbaycan Partiyasının etiraz məktubunun sonu belə bir fikirlə bitir: "Yeni Azərbaycan Partiyası separatçı rejimin növbəti "seçki" təxribatını qəti şəkildə pisləyir, bu əməlləri danışıqlar prosesinə ciddi əngəl hesab edir və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bu məsələyə obyektiv münasibət bildirmələrini gözləyir". Məlum olduğu kimi, bu günə kimi ATƏT-in Minsk Qrupu qondarma seçkilərlə bağlı münasibət bildirməyib. Sizcə, bundan sonra ümid etmək olarmı ki, ATƏT-in Minsk Qrupu prinsipial mövqe ortaya qoyaraq, məsələyə öz etirazını nümayiş etdirəcək?
- Bilirsiniz, hakim Yeni Azərbaycan Partiyası demokratiya prinsiplərinə, beynəlxalq sənədlərə uyğun olaraq, öz mövqeyini ortaya qoyub. Gözləyirik ki, bu gün beynəlxalq hüququn, beynəlxalq aləmdə stabilliyin qarantı olan böyük dövlətlər öz vəzifələrinə, öz statuslarına uyğun hərəkət edəcəklər. Böyük dövlətlərdən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün ciddi addımlırın atılmasını gözləyirik.
- Xalqın ümumi maraqlarını ifadə edən Yeni Azərbaycan Partiyası ATƏT-in Minsk Qrupuna etiraz məktubu göndərdi. Amma çox maraqlıdır ki, milli maraqlardan danışan, daim Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yandıqlarını nümayiş etdirən radikal müxalifət bu məsələdə yenə də xüsusi marağa üstünlük verdi. Bu ziddiyyətli məqamı hansı formada şərh etmək olar?
- Şübhəsiz ki, bu cəmiyyətin maraqlarına uyğun hərəkət etməməkdir və günün tələblərinə heç cürə cavab vermir. Bu gün cəmiyyət etimadının Yeni Azərbaycan Partiyasına göstərir. Məhz buna görə də, bu gün cəmiyyətin sağlam və demokratik qüvvələri Yeni Azərbaycan Partiyasının üzvü olmağa, onunla əməkdaşlıq etməyə çalışırlar. Radikal müxalifətin bu gün gücsüzlüyü, sosial bazasının zəifliyi, seçkilərdə daima uduzması da, ilk növbədə, onların milli maraqlardan çıxış etməməsidir. Çox təəssüf ki, bu vəziyyətdən nəticə çıxarmaq əvəzinə köhnə prinsiplərdən əl çəkməyə başlayırlar. Bu da, ondan irəli gəlir ki, radikal müxalifətin liderləri 20 ildən artıq əqidəsində, davranışında heç bir dəyişiklik olmadığına görə şübhəsiz ki, bunlar rəhbərlik etdikləri təşkilatın fəaliyyətinə də təsirini göstərir.