PDF Oxu

Dünya

  • 16

Nazarbayevə milli lider statusu verilir

Nazarbayevə milli lider statusu verilir
"Novosti-Kazaxıstan" informasiya agentliyinin yaydığı məlumata görə, Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) prezident Nursultan Nazarbayevə "milli lider" statusu verən qanunvericilikdəki dəyişikliyi təsdiq etməyə hazırlaşır. Bir müddət əvvəl, Məclis (parlamentin aşağı palatası) dövlət başçısına xüsusi statusun verilməsi haqqında məsələni müzakirə etmişdi. Bir çox deputat məsələ ilə əlaqədar öz fikrini bildirmişdi. Qanunvericilikdə edilən dəyişiklik "milli lider"i cinayət və administrativ məsuliyyətdən azad edir. Bir qrup deputat təklif etmişdir ki, "milli lider"in fəaliyyətində qanunçuluğa maneçilik törədən əməllər olarsa, o, məsuliyyətə cəlb edilməlidir. Bu deputatlar belə hesab edirlər ki, "milli lider"in təsviri saxtalaşdırılmamalı və tərcümeyi-halındakı faktlar təhrif edilməməlidir. Deputatların qəbul etdikləri qərar imzalanmaq üçün N.Nazarbayevə göndəriləcək. Prezident müşaviri Ermuxamet Ertısbayev ölkə rəhbərinin reaksiyasını şərh edərkən, bildirmişdir ki, N.Nazarbayev bu cür məsələnin müzakirə edilməməsini məsləhət görmüşdür. Müşavirin özü isə deputatların təşəbbüslərinə "iki əllə" razılıq verdiyini bildirir. N.Nazarbayevə bu cür statusun verilməsi və ömürlük prezident kürsüsündə qalması məsələsini 2009-cu ildə "Nur Otan" iqtidar partiyasının sədr müavini Darxan Kaletayev ortaya atmışdır. O vaxt bu təşəbbüs N.Nazarbayev tərəfindən rədd edilmişdir. Qanunvericilikdə yeni dəyişiklik N.Nazarbayevin 70 illik yubileyinə təsadüf edir. Xatırladırıq ki, Qazaxıstan prezidenti 1940-cı ilin 6 iyulunda doğulmuşdur. N.Nazarbayev 20 ildir ki, Qazaxıstan prezidenti postunu tutur. 2007-ci ildə prezidentə loyallıq göstərən parlament konstitusiyada dəyişiklik edərək, N.Nazarbayevin qeyri-məhdud müddətə prezident kürsüsündə qalmasına zəmin yaratmışdır.

Digər xəbərlər