Afina polisi qanun pozucularına qarşı sıx birləşib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, hakimiyyət dairələri Afinada nizam-intizamı bərpa etmək üçün şəhər polisini ayağa qaldırmışdır. Bir qədər əvvəl Yunanıstan paytaxtında baş vermiş talanlarla əlaqədar hüquq-mühafizə orqanı əməkdaşları tam hazırlıq vəziyyətinə gətirilmişdir.
Qanun pozğunluğu nəticəsində Afinada ən azı 3 nəfər həlak olmuşdur. Onlar nümayişçilərin "Molotov kokteylləri" ilə yandırdıqları bank binasında ölmüşlər. Hazırda bank binasında 20 nəfər qalıb. Polisin məlumatına görə, alov paytaxt mərkəzinin bir neçə binasında öz ağuşuna almışdır.
Bir müddət əvvəl, 60-dək nümayişçi Afina parlamenti binasını mühafizə edən polis kordonunu yarmağa cəhd etmişdir. Bu vaxt nümayişçilər polislərə daş atır, onlar isə cavabında gözyaşardıcı qazlardan istifadə edirdilər. Qanun pozuntusu Yunanıstanın ikinci böyük şəhəri Salonikidə də davam etməkdədir. Əksəriyyəti gənclərdən ibarət olan nümayişçilər bir neçə mağaza və restoranın vitrinlərini sındırmışlar. Son sutka ərzində Yunanıstan aeroportları bağlanmış, limanda və dəmiryolunda hərəkət dayandırılmışdır.
Xatırladırıq ki, Yunanıstanda mayın 5-də yerli vaxtla gecə yarısı ümummilli tətil başlanmışdır. Bütün ölkə ərazisində keçirilən etiraz aksiyalarında on minlərlə insan iştirak edir. Müəyyən dövlət, tibb müəssisələri və muzeylər bağlanmışdır.
Tətil Georgios Papandreu hökumətinin etdiyi təklifindən sonra başlanmışdır. Hökumət başçısı Avropa Birliyi ölkələrindən maliyyə yarıdımı almaq məqsədi ilə büdcə xərclərini ixtisar etdiyini bəyan etmişdi. Hökumət nümayəndələri kredit almaq istəyən vətəndaşların vergilərini artırmış, əməkhaqlarını və pensiyaları azaltmışdır. Yunanıstan həmkarlar ittifaqları nümayəndələri belə hesab edirlər ki, hökumətin təklifi böhrandan çıxmaq üçün heç bir real zəmin yaratmır. Onların fikrincə, ilk növbədə, zəhmətkeşlər zərər çəkir, nəhəng kompaniya və maliyyə müəssisələrinin sahibkarları isə çətin duruma düşürlər."Assoşieyted Press"in məlumatına görə, Yunanıstan banklarının əməkdaşları ümumxalq tətilinə qoşulmuşlar.