PDF Oxu

Dünya

  • 13

Avropada keçirilən 1 may nümayişləri polislə qarşıdurma zəminində başa çatıb

Avropada keçirilən 1 may nümayişləri polislə qarşıdurma zəminində başa çatıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, bir neçə Avropa ölkəsində 1 may nümayişlərinə həsr edilmiş aksiyalar polislə toqquşmaya səbəb olmuşdur.
Ağır böhran keçirən Yunanıstanda təşkil edilmiş 1 may nümayişləri hökumətin büdcə siyasəti əleyhinə yönəldilmişdir. Etiraz nümayişinə çıxan şəxslər "Beynəlxalq Valyuta Fondundan başqa heç bir xunta yoxdur!" və "Hüquqlarımızdan əlini çək!" şüarları ilə çıxış etmişlər. Məlum olduğu kimi, Yunanıstanın büdcə siyasətinin sərtləşməsi BVF-nin təzyiqi altında baş vermişdir. Polis gözyaşardıcı qazdan istifadə etməli olmuşdur.
Almaniyanın paytaxtı Berlin küçələrinə 600 nəfərədək sol hərəkatı nümayəndələri toplaşmışdı. Onlar polis üzərinə içərisində yandırıcı qaz olan şüşələr və daş atmış, bir neçə polis maşınını çevirib yandırmışlar. Qəzetlərin yazdığına görə, hər iki tərəfdə yaralananlar olmuşdur. Bir polisi ağır vəziyyətdə xəstəxanaya çatdırmışlar.
Fransada keçirilən 1 may nümayişinə 350 minədək adam toplaşmışdı. Onlar hazırlanmaqda olan pensiya islahatlarından və artmaqda olan istilikdən narahatlıq keçirdiklərini bildirmişlər. İtaliyanın Rozarno şəhərində baş vermiş nümayişi həmkarlar ittifaqları təşkil etmişdir. Onlar hökumətdən yeni iş yerlərinin açılmasını və mühacirlərin istismar edilməsinin qarşısının alınmasını tələb etmişlər.
Ancaq Türkiyənin İstanbul şəhərində keçirilmiş 1 may nümayişi bayram əhval-ruhiyyəsində başa çatmışdır. Şəhər küçələrindən birində toplaşmış 100 min nəfərə yaxın fəhlə bir-birilərini təbrik etmiş və "Yaşasın 1 May!" şüarını qışqırmışlar. 1970-ci ildən etibarən bu nümayiş ölkədə keçirilən ilk icazəli tədbir olmuşdur.

Digər xəbərlər