Şimali Kipr prezident seçkilərində millətçilərin lideri qalib gəlib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Şimali Kipr Türk Respublikasının aprelin 18-də keçirilmiş prezident seçkilərində ölkənin baş naziri Dərviş Əroğlu qalib gəlmişdir. Bu şəxs Kiprdə vəziyyətin nizamlanması ətrafında aparılan danışıqlarda sərt xətt yürüdülməsi tərəfdarıdır.
Sağçı Milli Birlik Partiyasının namizədi olan D.Əroğlu seçicilərin 50,4 faizinin səsini qazanmağa nail olmuşdur. İqtidarda olan prezident Mehmet Əli Tələt isə 42,8 faiz seçici səsi qazanmışdır. İndiyədək seçki bülletenlərinin 98,5 faizi yoxlanmışdır. Seçki Komissiyasının məlumatına görə, seçkidə əhalinin, təxminən, 75 faizi iştirak etmişdir. Xatırladırıq ki, Şimali Kiprin əhalisinin ümumi sayı 164 min nəfərə yaxındır.
D.Əroğlu seçkinin nəticələri elan edildikdən sonra demişdir ki, Kipr Yunan Respublikası ilə nizamlama prosesləri yönündə aparılan dinc danışıqlar davam etdiriləcəkdir. O, həmçinin, əlavə etmişdir ki, Şimali Kipr Respublikası beynəlxalq dairədə apardığı mübarizədə Türkiyə ilə birgə olacaqdır. Xatırladırıq ki, 1974-cü ildə Türkiyə Şimali Kiprə 35 min nəfərlik hərbi kontingent yeritməsəydi, Kipr adası bütövlükdə Yunanıstana birləşdiriləcəkdi.