PDF Oxu

Dünya

  • 15

Haaqada Karaciçin işi ilə əlaqədar şahidlər dindirilir

Haaqada Karaciçin işi ilə əlaqədar şahidlər dindirilir
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Haaqa Beynəlxalq Məhkəməsində keçmiş Serbiya Respublikasının prezidenti Radovan Karaciçin işi ilə əlaqədar məhkəmə prosesi öz işini bərpa etmişdir. Məhkəmə öz işini şahidlərin dindirilməsi ilə başlamışdır. İlk şahid Bosniyanın şimali-qərbində yerləşən serb düşərgələrindən birinin keçmiş məhbusu Axmet Zuliç olmuşdur. Bu şəxs Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin məhkəmə işi zamanı ifadə vermişdir. A.Zuliç 1992-ci ilin yayında serb əsgərlərinin öz qəbirlərini qazmağa məcbur etdikləri 20 hərbi əsiri güllələdiklərini təsdiq etmişdi. Ehtimal edilir ki, vəkil xidmətindən imtina edən R.Karaciç şahidləri özü dindirəcəkdir. R.Karaciçin axtarışı Balkanlarda müharibə başa çatdıqdan sonra elan edilmişdir. 1996-cı ildən sonra R.Karaciç gizlənmişdir. 2008-ci ildə polis onu Belqradda həbs etmişdir. Bosniya ordusunun keçmiş lideri 11 maddə üzrə cinayətdə ittiham edilir. Bu ittihamlar arasında soyqırımı və bəşəriyyət əleyhinə cinayətlər başlıca yer tutur. R.Karaciçin məhkəməsi 2009-cu ilin noyabrında başlanmışdır. Məhkəmə dinləmələri R.Karaciçin təklifi ilə bir neçə dəfə təxirə salınmışdır. Bunun səbəbi məhbusun iş materiallarının hamısı ilə tanış olmaq istəməsi olmuşdur. Aprelin 1-də Beynəlxalq Tribunal R.Karaciçin məhkəmənin gedişini təxirə salmasına imkan verməmişdir.

Digər xəbərlər