PDF Oxu

Dünya

  • 9

İran prezidenti ABŞ-ın yeni nüvə strategiyasının "kovboy"sayağı olduğunu bəyan edib

İran prezidenti ABŞ-ın yeni nüvə strategiyasının "kovboy"sayağı olduğunu bəyan edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad ABŞ-ın yeni nüvə strategiyasının "kovboy"sayağı olduğunu bəyan etmişdir. "ABŞ siyasətçilərinin arqumentləri qurtardığı vaxt dərhal kovboylarsayağı silahdan yapışırlar" deyə agentlik İran prezidentindən sitat gətirir. "Frans Press" agentliyi əlavə edir ki, M.Əhmədinejad ABŞ-ın İrana raket zərbəsi endirəcəyi təqdirdə, "dişə-diş, gözə-göz cavabı" verəcəyini bildirmişdir. İran prezidenti ABŞ prezidenti Barak Obamanın xələfi kiçik Corc Buşun səhvlərini təkrar etdiyini vurğulamış və heç kəsin İrana diktə edəcəyinə yol verməyəcəyini bildirmişdir. Onun dediyinə görə, bu cür cəhdləri həyata keçirməkdə təşəbbüs göstərən "Obamadan böyüklər heç nəyə nail olmamışlar". Aprelin 6-da bəyan edilmiş ABŞ-ın yeni nüvə strategiyası ölkənin milli təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir. ABŞ prezidenti bəyan etmişdir ki, nüvə silahından qeyri-nüvə ölkələri əleyhinə istifadə edilməyəcəkdir. Ancaq bu istisna halı İran və Şimali Koreyaya aid edilmir. ABŞ Tehranı nüvə proqramının inkişafından çəkindirməyə çağırır. Ancaq İran nüvə silahı yaratmaq cəhdindən əl çəkmək istəmir. İran rəsmiləri nüvə proqramlarının dinc xarakter daşıdığını bəyan etsələr də, ABŞ belə hesab edir ki, bu ölkə nüvə silahı yaratmaq istəyindədir.

Digər xəbərlər