PDF Oxu

Dünya

  • 14

Barak Obama ABŞ-ın yeni nüvə strategiyasını təqdim etdi

Barak Obama ABŞ-ın yeni nüvə strategiyasını təqdim etdi
ABŞ prezidenti Barak Obama administrasiyası özünün nüvə strategiyasını təqdim etmişdir. Bu strategiyanın mətni ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilmişdir. Bu sənədə əsasən, ABŞ-ın milli təhlükəsizliyinin təminatı rolunda çıxış edən nüvə silahı azaldılmağa başlayacaqdır. Yeni strategiyanın başlıca məqsədi nüvə terrorizmini dəf etmək və nüvə silahının yayılmasının qarşısını almaqdır. ABŞ hərbçiləri belə hesab edirlər ki, soyuq müharibə dövründən qalmış nüvə arsenalı bu məsələnin həllinə açar rolu oynamaq iqtidarında deyildir. Yeni strategiyanın tələblərinə əsasən, nüvə silahı maksimal dərəcədə azaldılmalı və tətbiqi məhdudlaşdırılmalıdır.
ABŞ hökuməti öz qarşısına belə bir öhdəlik qoyur ki, nüvə silahına malik olmayan ölkələr ABŞ-a qarşı bioloji və ya kimyəvi silah tətbiq etsələr də, ABŞ həmin ölkələrə qarşı nüvə silahı tətbiq etməyəcəkdir. B.Obama belə hesab edir ki, bu cür hücumlara qarşı nüvə arsenalından yox, müasir adi silahlardan istifadə etmək olar. ABŞ-ın yeni strategiyası nüvə silahının yayılmaması haqda müqavilənin tələblərini pozmaqda olan Şimali Koreya və İrana aid edilmir.
Yeni nüvə strategiyası ABŞ-ın Rusiya ilə cari ilin 8 aprelində Praqada imzalamağa hazırlaşdığı strateji hücum silahları haqqında müqavilənin bağlanacağı ərəfədə hazırlanmışdır. Həmin müqavilədə Rusiya və ABŞ-ın nüvə arsenalının 1550 nüvə başlıqlarının ixtisarı nəzərdə tutulur. "BBC Nyus"un məlumatına görə, hazırda Vaşinqton 2200, Moskva isə 3000-dək nüvə başlığına malikdir.
Məlum olduğu kimi, aprelin 12-də Vaşinqtonda nüvə təhlükəsizliyi məsələləri üzrə beynəlxalq sammit keçiriləcəkdir. Nüvə dövlətlərinin nümayəndələrinin hamısı həmin sammitdə iştirak edəcəkdir.

Digər xəbərlər