Talasda qanun pozuntusu nəticəsində 30 nəfərdən çox adam xəsarət alıb
"Azadlıq Radiosu"nun məlumatına görə, aprelin 6-da Qırğızıstanın Talas şəhərində baş vermiş qanun pozuntusu nəticəsində 30 nəfərdək çox adam yaralanmışdır. İlkin məlumatlara görə, bir neçə nəfər həlak olmuşdur. "BBC Nyus"un məlumatına görə, bir nəfər milis əməkdaşı həlak olmuşdur. Qırğızıstanın "Stan" videoportalının məlumatına görə, bir neçə nəfər həlak olmuşdur.
"Fərqanə.ru" agentliyinin məlumatına görə, aprelin 6-dan 7-nə keçən gecə Qırğızıstan müxalifəti Talasın dövlət administrasiyası binasını ələ keçirmiş və onun birinci mərtəbəsində yanğın törətmişdir. Yanğın mitinqçilər tərəfindən söndürülmüşdür. Bina ətrafına toplaşanlar Qırğızıstanın xüsusi xidmət dəstəsinin bir neçə nəfərini döymüş və onların dəmir niqablarını və dəyənəklərini əllərindən almışlar.
Ölkə paytaxtı Bişkekdə isə müxalifətçilərin həbsi davam etdirilməkdədir. "İnterfaks" agentliyinin məlumatına görə, aprelin 7-də səhər təyyarə ilə Moskvadan Qırğızıstana gələn "Akşumkar" partiyasının sədri Temir Sariyev həbs edilmişdir. Bir müddət əvvəl Qırğızıstan milisi Sosial-Demokrat Partiyasının liderləri Almaz Atambayeva, İsa Omurkulov, müxalifətçi "Ata Məkan" partiyasının rəhbəri Omurbek Tekebayev, Milli-Demokrat Partiyasının lideri Emil Kaptaqayev, eləcə də, bir neçə siyasətçi və hüquq müdafiəçisini həbs etmişdir.
Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin əleyhdarları elektrik enerjisi üzərinə qoyulan yeni tarifləri ləğv etməyi, "Qırğıztelekom" və "Şimalelektro"nun dövlət balansını bərpa etməyi, investisiya, innovasiya və inkişaf üzrə mərkəzi agentliyi ləğv etməyi tələb edirdilər.