PDF Oxu

Dünya

  • 6

Müxalifətçilər Tayland parlamenti ərazisinə soxulmuşlar

Müxalifətçilər Tayland parlamenti ərazisinə soxulmuşlar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Taylandda dövlət əleyhinə etiraz mitinqlərinə çıxan müxalifətçilər Banqkokun parlament binasına daxil olmuşlar. Bununla əlaqədar ölkənin baş naziri Apxisit Vetçaçiva Vaşinqtonda keçirilməsi nəzərdə tutulan nüvə təhlükəsizliyi sammitinə səfərini təxirə salmalı olmuşdur. Yerli televiziyanın məlumatına görə, "qırmızıköynəklilər" polis kordonunu yararaq, parlament ərazisinə soxulmağa nail olmuşlar. Nümayişçilər bağlı darvazanı iri yük maşınının köməyi ilə açmışlar. Bir neçə nəfər parlamentin ikinci mərtəbəsinə qalxmışdır. Şahidlərin dediklərinə görə, parlament binasına bir neçə yüz nümayişçi daxil olmuşdur. "Assoşieyted Press"in məlumatına görə, deputatları binadan vertolyotlarla evakuasiya edirlər. Tayland "qırmızıköynəklilər"i A.Vetçaçiva hökumətinin istefasını, parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Etiraz aksiyası iştirakçıları Taylandın keçmiş hökumət başçısı Taksin Çinovatı dəstəkləyirlər. "Qırmızıköynəklilər"in çoxminli nümayişləri 2009-cu ilin sonlarında başlanmışdır. 2010-cu ilin martında Banqkok küçələrində etiraz edənlərin miqdarı 80 min nəfərə çatmışdı. Nümayişçilər şəhərin tarixi mərkəzini ələ keçirdikdən sonra ticarət rayonlarını tutmuşlar. Aprelin 5-də "qırmızıköynəklilər" Taylandın Mərkəzi Seçki Komissiyasının binasına daxil olmuş, aprelin 6-da isə iqtidarda olan Demokratlar Partiyasının binası yaxınlığında qumbara partlatmışlar.

Digər xəbərlər