Həmid Kərzayi taliblər tərəfə keçəcəyi ilə hədələyib
"Tayms of İndia" qəzetinin Əfqanıstan parlamentarilərinin bəynatlarına əsaslanaraq, yazdığına görə, Əfqanıstan prezidenti Həmid Kərzayi xarici ölkə üzrə həmkarları onun islahatlar keçirəcəyinə mane olacaqları təqdirdə, o, "Taliban" hərəkatı tərəfinə keçəcəyini bildirmişdir. Qəzet yazır ki, H.Kərzayi bu bəyanatını aprelin 3-də bağlı qapılar arxasında ifadə etmişdir.
Əfqanıstan qanunvericilərinin fikrincə, H.Kərzayinin dediklərini hiperbola kimi qiymətləndirmək mümkün olsa da, onun remarka və replikalarını Qərb havadarları ilə arasında baş verməkdə olan konfliktə meyilliliyinə yozmaq lazımdır. Diqqəti cəlb edən cəhət odur ki, H.Kərzayinin "Taliban" hərəkatı haqqında dedikləri Qərb həmkarlarının ötənilki seçkilərin saxtalaşdırılması haqqında mülahizələrindən bir neçə gün sonra səslənmişdir. Şərqi Nanqərhar əyalətinin parlament təmsilçisi olan deputat Faruk Marenayinin dediyinə görə, H.Kərzayi şənbə çıxışında xəbərdar etmişdir ki, Qərb həmkarlarının ölkənin daxili işlərinə qarışmaları taliblərin qanuni yolla seçilmiş hökumət əleyhinə çıxmasına yox, işğalçılar əleyhinə çıxmaq istəklərinə zəmin yaradacaqdır.
H.Kərzayinin bu bəyanatından sonra, Ağ Ev nümayəndəsi Robert Gibbs aprelin 5-də ölkəsi adından narahatlığını ifadə etmişdir. Əfqanıstan parlamentariləri isə belə hesab edirlər ki, prezidentin qalmaqallı çıxışı mühafizəkarların və onun siyasətinə meyilli taliblərin rəğbətini qazanmağa hesablanmışdır. Deputatlar belə hesab edirlər ki, H.Kərzayi Vaşinqtonun dəstəyindən məhrum olmaqdan qorxmur, əksinə, ABŞ hökuməti Əfqanıstana hərbi kontingent çıxarmaqda maraqlıdır.
Kütləvi informasiya vasitələrinin martda yaydıqları məlumata görə, H.Kərzayi hökuməti Amerika koalisiyası ilə düşmən mövqedə olan "Hizbi-İslami" Əfqanıstan silahlı qruplaşması ilə məxfi danışıqlar aparmağa başlamışdır. Həmin təşkilat üzvləri ABŞ və Qərb işğalçılarının ölkə ərazisini tərk etmədikləri vaxt ərzində rəsmi Kabulla heç bir danışıq aparmayacaqlarını bildirmişlər.