PDF Oxu

Dünya

  • 12

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar dörd general həbs edilib

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar dörd general həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyədə aprelin 5-də dövlət çevrilişi ilə əlaqədar şübhəli bilinən bir neçə nəfər, o cümlədən, dörd keçmiş general həbs edilmişdir. "Anatolia" Türkiyə informasiya agentliyinin məlumatına görə, həbslər ölkənin 14 şəhərində aparılmışdır. Bu zaman polis həbs olunanların ümumi miqdarını göstərməməyi lazım bilmişdir. "Assoşieyted Press"in məlumatından əvvəl aprelin 4-də Türkiyə prokurorluğu 20 nəfərin, o cümlədən, birinci ordunun keçmiş komandanı general Çətin Doğanın həbsinə sanksiya imzalamışdır. Fevralda Türkiyə polisi dövlət çevrilişinin fiqurantlarının həbsi ilə əlaqədar iki dəfə əməliyyat keçirmişdir. O vaxt həm fəaliyyətdə olan, həm də keçmiş Türkiyə ordusunun 70 nəfər hərbi qulluqçuları, o cümlədən, ölkənin hərbi-dəniz donanmasının keçmiş komandanı Özdən Örnək və hərbi-hava qüvvələrinin komandanı İbrahim Fırtına həbs edilmişdir. Sonralar həbs edilənlərin bir hissəsi azadlığa buraxılmışdır. Türkiyədə dövlət çevrilişinə hazırlıq haqda cinayət işi hələ 2007-ci ildə qaldırılmış və ilk həbslər 2008-ci ilin yayınadək davam etdirilmişdir. Hakimiyyət dairələrinin məlumatına görə, üzvləri yüksək vəzifəli hərbçilər olan "Ergenekon" millətçi radikal təşkilatı 2002-ci ildə ölkə daxilində qeyri-sabit sosial-siyasi vəziyyət yaratmaq və kütləvi terror aktları keçirməklə dövlət çevrilişi planı işləyib hazırlamışdı. İstintaqın məlumatına görə, yüksək vəzifəli ordu məmurları hərbi çevriliş baş tutduqdan sonra hakimiyyəti öz əllərinə keçirməli idilər. Hökumətə müxalif qüvvələr isə belə hesab edirlər ki, kütləvi həbslərin keçirilməsinin səbəbi Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının fəaliyyətinin məhkəmə qaydası əsasında qadağan edilməsinə cavab olmuşdur.

Digər xəbərlər