Yanukoviç Medvedevi Kiyevə çağırdı
"Kommersant" qəzetinin Rusiya Federasiyası Daxili İşlər Nazirliyindəki mənbəyə əsaslanaraq, yazdığına görə, Ukrayna prezidenti Viktor Yanukoviç hələ martın 5-də Rusiya prezidenti Dmitri Medvedevə rəsmi surətdə müraciət etmişdi ki, Rusiya- ABŞ arasında baş tutacaq Strateji Hücum Silahları (SHS) haqqında Müqaviləni Kiyevdə imzalamağa razılıq versin.
Ukrayna prezidenti administrasiyasının rəhbər müavini Anna German bu məlumatın doğruluğunu təsdiq etmişdir. Onun dediyinə görə, Rusiya tərəf Ukraynanın bu təklifinə xüsusi maraq göstərmişdir. Martın 16-da Rusiya Federasiyası və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Konstantin Qrişşenko müzakirə etdikdən sonra, məsələnin gündəliyə salınması dəqiqləşdirilməli idi. A.Germanın dediyinə görə, məsələyə Barak Obamanın nümayəndəsinin qoşulması müəyyənləşdirilməkdədir.
D.Medvedevin Kiyevə rəsmi səfəri cari ilin may ayının axırlarına və iyun ayının əvvəllərinə təsadüf edəcəkdir. Qəzetin yazdığına görə, SHS Müqaviləsi sahəsində aparılan iş öz başlanğıc nöqtəsinə qədəm qoymuşdur. Qəzet yazır ki, sənəd Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə konfrans keçirilərkən, yəni aprelin 12-də imzalana bilər. Qəzet qeyd edir ki, müqavilənin imzalanması üçün Praqa şəhəri də tərəflərə müraciət etmişdir. Xatırladırıq ki, B.Obama 2009-cu ilin aprelində etdiyi çıxışında nüvə silahlarının azaldılmasının vacibliyini vurğulamışdır.
Rusiya və ABŞ arasında SHS Müqaviləsi üzrə ilk razılaşma 1991-ci ildə baş tutmuşdu. Həmin müqavilənin müddəti 2009-cu ilin 5 dekabrında başa çatmışdır. Kütləvi informasiya vasitələrinin yazdığına görə, bundan sonra Rusiya ilə ABŞ arasında kontinentlərarası ballistik raketlərin mobil nəzarət mexanizmi üzrə hesabat aparılmadığından, müqavilənin imzalanması dayandırılmışdı. Ancaq ötən ilin 18 dekabrında danışıq iştirakçıları müqavilənin başlıca müddəaları üzrə öz aralarında razılığa gəlmişlər.