Taliblərin liderinin həbsi Əfqanıstan prezidentini əsəbləşdirib
"Assoşieyted Press" informasiya agentliyinin Əfqanıstan prezidentinin adının anonim qalmasını istəyən müşavirlərindən birisinə əsaslanaraq, yaydığı məlumata görə, "Taliban" hərəkatının nüfuzlu başçılarından biri olan Abdulla Qəni Bəradərin Əfqanıstanda həbs edilməsi Əfqanıstan hökuməti və "Taliban" liderləri arasındakı məxfi danışıqları təxirə salmışdır.
A.Q.Bəradər ABŞ və Pakistanın xüsusi xidmət orqanı əməkdaşlarının cari ilin fevral ayının ortalarında keçirdikləri birgə əməliyyat nəticəsində həbs edilmişdir. O, hərəkatın başçısı molla Məhəmməd Ömərin ən yaxın tərəfdarı hesab edilir. Əfqanıstan prezidenti Həmid Kərzayi A.Q.Bəradərlə danışıqlar apararaq, ölkədə baş verməkdə olan gərginliyi aradan qaldırmaq istəyirdi.
Agentliyin əməkdaşının məlumatına görə, A.Q.Bəradərin həbs edilməsi H.Kərzayinin hiddətlənməsinə səbəb olmuşdur. "Taliban" liderinin Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə ələ keçməsi bu məsələnin qəlizləşməsinə səbəb olmuşdur. Çünki H.Kərzayi A.Q.Bəradərə, onun Ümuməfqanıstan Ağsaqqaları Şurasında (Löyya Cirgə) iştirakı zamanı təhlükəsizliyinə təminat verəcəyini vəd etmişdi. İslamabada səfəri çərçivəsində H.Kərzayi beynəlxalq koalisiya qüvvələri Əfqanıstan hökuməti arasındakı anlaşılmazlığı nəzərə alaraq, demişdir ki, "müttəfiqlərimiz həmişə eyni dildə danışmır". Əfqanıstan hökuməti Böyük Britaniya rəhbərliyi ilə ümumi rəyə gələrək, taliblərlə danışıqlar aparmağın mümkünlüyünü iddia etsə də, ABŞ administrasiyası bu yöndə konkret mövqe nümayiş etdirmir. ABŞ-ın müdafiə naziri Robert Geyts Əfqanıstana səfəri zamanı demişdir ki, taliblər yalnız qələbəyə ümidləri kəsildiyi zaman danışıqlara gedəcəklər. ABŞ-ın dövlət katibi Hillari Klinton isə bildirmişdi ki, taliblərin silahı yerə qoyacaqlarına şübhə ilə yanaşır. H.Kərzayi isə belə hesab edir ki, ABŞ-ın istəyi olmadan danışıqların məhsuldar keçməsi qeyri-mümkündür.