PDF Oxu

Dünya

  • 7

Yunanıstanda ümummilli tətilə başlanılıb

Yunanıstanda ümummilli tətilə başlanılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yunanıstanın həmkarlar ittifaqları vergilərin artırılması və sosial ödənişlərin azaldılmasına etiraz əlaməti olaraq, son ayda ikinci böyük ümummilli tətilə başlamışlar. Bir sutka ərzində davam edən aksiyada ölkənin əmək qabiliyyətli 2,5 milyona yaxın əhalisi iştirak edəcəkdir. Aksiyanın keçirildiyi Afina və Yunanıstanın bəzi böyük şəhərlərinin küçələrində ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdır. Bir çox jurnalistlər, həkimlər və aviadispetçerlər tətilə qoşulmuşlar. Polis, sahil mühafizə xidməti, eləcə də, bir çox ixtisas sahəsinin mütəxəssislərinin də aksiyaçıların sıralarına qoşulacağı gözlənilir. "BBC Nyus"un məlumatına görə, bir çox aviasiya və gəmi reysləri təxirə salınmışdır. Yunanıstanın bir çox iri şəhərlərində tətil dairəsində çoxsaylı nümayişlər keçiriləcəkdir. Tətillər Yunanıstan hökumətinin büdcə defisitini 12,7 faizdən 8,7 faizə endirməsi ilə əlaqədar olmuşdur. Bu da vergilərin yüksəldilməsinə və sosial ödənişlərin ixtisar edilməsinə səbəb olmuşdur. Həmkarlar itifaqlarının rəhbərləri belə hesab edirlər ki, hökumət fəhlə və qulluqçuları ölkəni böhran vəziyyətindən çıxarmaq üçün pul ödəməyə məcbur etmək istəyir. Onların fikrincə, hökumətin atdığı addım əhalinin iqtisadi aktivliyinin enişinə səbəb olacaqdır. Yunanıstanda 24 saatlıq tətillər mütəmadi xarakter almaqdadır. Son tətil martın 5-də keçirilmişdir. Növbəti kütləvi tətil martın 16-na təyin edilmişdir.

Digər xəbərlər