PDF Oxu

Dünya

  • 11

Türkiyə Vaşinqtondakı səfirini geri çağırıb

Türkiyə Vaşinqtondakı səfirini geri çağırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatası Beynəlxalq Məsələlər üzrə Komitəsinin "erməni soyqırımı" ilə əlaqədar əsasnamə layihəsini qəbul etdiyi üçün Türkiyə Vaşinqtondakı səfirini geri çağırmışdır.
Ankaranın yaydığı bəyanatda deyilir ki, "Türkiyə hökuməti türk xalqını törətmədiyi cinayətdə ittiham edən əsasnamə layihəsini pisləyir." Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan Ankaraya məşvərətə çağırılmışdır.
ABŞ-ın Nümayəndələr Palatasında qəbul edilmiş qətnamə layihəsini Abdullah Gül şərh etmişdir. Onun dediyinə görə, qəbul edilmiş sənəd türk xalqı üçün heç bir əhəmiyyət kəsb etmir, ancaq Amerika konqresmenlərinin bu layihəni dəstəkləmələri onlarda "strateji düşüncə tərzinin" olmadığını göstərdi. Prezident qeyd etmişdir ki, Türkiyə Vaşinqton üçün müsəlman aləmində başlıca müttəfiqlərdən biri olmuşdur və ABŞ bu ölkə vasitəsilə Əfqanıstan və İraq konfliktlərinin tənzimlənməsi prosesini davam etdirirdi.
ABŞ-ın Nümayəndələr Palatasının Beynəlxalq Məsələlər üzrə Komitəsində konqresmenlərin 23 nəfəri əsasnamə layihəsinin lehinə, 22 nəfəri isə əleyhinə səs vermişdir. Qəbul edilmiş layihədə Osmanlı imperiyasının XX əsrin əvvəllərində ermənilərə qarşı etdiyi hərəkət birtərəfli qaydada "soyqırım" hesab edilmişdir. Konqresmenlər ölkə prezidentinə tövsiyə etmişdilər ki, 1915-ci ildə baş vermiş hadisələri birtərəfli qaydada "soyqırım" kimi xarakterizə etsin.
Ermənilərin "soyqırım" məsələsi 2007-ci ildə də Nümayəndələr Palatasının adıçəkilən komitəsində təsdiq edilmişdi. O vaxt da Türkiyə öz səfirini Vaşinqtondan geri çağıraraq, ABŞ-ı öz ərazisindəki hərbi-hava qüvvələrinin yerləşdiyi bazaya buraxmayacağı ilə hədələmişdir. Xatırladırıq ki, Türkiyədəki hərbi baza Pentaqonun İraq və Əfqanıstan əməliyyatları üçün strateji məna kəsb edirdi. Nəticədə, o vaxt prezident olan Corc Buş sənəd üzərinə veto qoyaraq, Nümayəndələr Palatasını, faktik olaraq, ümumi səsvermədən məhrum etmişdir. Bundan sonra Ankara və Vaşinqton arasındakı münasibətlər yenidən normallaşmağa başlamışdır.

Digər xəbərlər