PDF Oxu

Dünya

  • 8

Latın Amerikası ABŞ-ın iştirakı olmadan birləşəcək

Latın Amerikası ABŞ-ın iştirakı olmadan birləşəcək
"EFE" informasiya agentliyinin yaydığı məlumata görə, Latın Amerikası və Karib hövzəsi ölkələrinin liderləri ABŞ və Kanadanın iştirakı olmadan yeni regional blok yaratmaq üçün razılığa gəlmişlər. Bu qərar, haqqında söhbət gedən ölkələrin Meksikada ikigünlük sammit çərçivəsində keçirdikləri tədbirdən sonra qəbul edilmişdir. Bu təşəbbüsün tərəfdarlarından biri olan Meksika prezidenti Filipe Kalderon yeni blokun yaranması haqda bu fikri söyləmişdir: "Biz Latın Amerikası və Karib hövzəsini əhatə edəcək və kontinentin bütün ölkələrini birləşdirmək gücü kəsb edəcək xüsusi regional mexanizmlə işləyəcək yeni regional blok yaratmağa qət etmişik." Qeyd edirik ki, yeni blok mövcud Amerika Dövlətləri Təşkilatı (ADT) daxilində yox, müstəqil surətdə fəaliyyət göstərəcəkdir. Kuba Dövlət Şurasının sədri Raul Kastro sammitin bu qərarını "tarixi əhəmiyyətli qərar" kimi qiymətləndirmişdir. Yeni birliyin rəsmi adı və nizamnaməsi hazırlandıqdan sonra, 2011-ci ildə Venesuelada və 2012-ci ildə Çilidə keçiriləcək sammitlərdə təsdiq ediləcəkdir. Meksika sammiti iştirakçıları Haitiyə həmrəy olduqlarını nümayiş etdirən deklarasiya imzalamış, ABŞ-ı Kubanın üzərinə tətbiq etdiyi iqtisadi-ticari embarqonu ləğv etməyə çağırmış və Böyük Britaniyadan "Argentinanın hüquqlarına hörmətlə yanaşmağı" tələb etmişlər. Qeyd edirik ki, Böyük Britaniya Argentinaya məxsus Malvin (Folklend) adalarına iddia irəli sürür. Amerika Dövlətləri Təşkilatı 1948-ci ilin aprelində, 1889-cu ildən fəaliyyətə başlayan Panamerikan Birliyi bazasında yaradılmışdır. ABŞ və Kanada da bu təşkilatın üzvüdür. Təşkilatın mənzil-qərargahı Vaşinqtonda yerləşir. Bir çox Latın Amerikası və Karib hövzəsi ölkələrini özündə birləşdirən "Rio Qrupu" 1986-cı ildə Rio-de-Janeyroda yaradılmışdır. Bu qrup, dövlətlər təşkilatı ifadəsini tam ödəməsə də, təşkilata üzv ölkələr bu qrup çərçivəsində bir yerə yığışaraq, müəyyən razılaşma və məsləhətləşmələr aparırlar.

Digər xəbərlər