Çeyni Obamanı "birmüddətli prezident" hesab edir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni belə hesab edir ki, hazırkı ABŞ prezidenti Barak Obama birinci prezidentlik müddəti başa çatdıqdan sonra, 2012-ci ildə keçiriləcək prezident seçkilərində ikinci prezidentlik müddətinə seçilməyərək, öz prezidentlik səlahiyyətini başa çatdıracaqdır.
D.Çeyni bu bəyanatını fevralın 18-də Vaşinqtonda keçirilən SPAS-ın illik konfransında vermişdir.
D.Çeyninin konfrans zalına daxil olması qəfil baş vermişdi. Tədbir iştirakçıları onun çıxışını gözləmirdilər. D.Çeyni Respublikaçılar Partiyasının fəalı kimi tanınan vəkil qızı Elizabet nitqini başa çatdırdıqdan sonra çıxış etmişdi. O, bir respublikaçı kimi, əmin olduğunu ifadə etmişdir ki, təmsilçisi olduğu partiya 2010-cu ildə ölkənin siyasi həyatında itirmiş olduğu mövqelərini qaytarmağa nail olacaqdır. O, Massaçusets ştatında keçirilən Senat seçkilərində respublikaçı namizədin qalib gəldiyini, Nyu-Cersi və Virciniya ştatlarında keçirilən qubernator seçkilərində yenə də respublikaçı nümayəndələrinin qələbəsini misal gətirməklə sübut etmişdir. Öz çıxışını başa çatdıran D.Çeyni axırda demişdir: "Belə hesab edirəm ki, Barak Obama birmüddətli prezidentdir". D.Çeyni öz mövqeyinə görə əqidəli mühafizəkar və Corc Buşun prezidentliyi dövründə bu şəxsin "sağ əli" olmuşdur. O, B.Obama adminstrasiyasına münasibətdə öz kəskin mövqeyini açıq şəkildə bəyan edir. O, bir vaxt B.Obamanı Əfqanıstandakı qətiyyətsizliyinə görə, Polşa və Çexiya ərazisində isə raketdən müdafiə qurğularının yaradılmasından imtina etməkdə ittiham etmişdi.
Xatırladırıq ki, D.Çeyninin qızı Elizabet də B.Obama adminstirasiyasına sərt münasibət göstərir və ABŞ prezidentinin xarici kursunu tənqid etmək məqsədilə, hətta ictimai qeyri-kommersiya təşkilatı da yaratmışdır.