Ukrayna MSK-sı Yanukoviçi seçilmiş prezident elan edib
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini bəyan etmişdir. Ölkənin prezident postuna Regionlar Partiyasının lideri Viktor Yanukoviçin seçildiyi təsdiq edilib. "İnterfaks" agentliyinin məlumatına görə, seçkilərin ikinci turunun nəticə protokollarını 15 MSK üzvünün hamısı imzalamışdır. Protokolun nəticələrinə görə, prezident seçkilərinin ikinci turunda V.Yanukoviçə 48,95, baş nazir Yuliya Timoşenkoya isə 45,47 faiz seçici səs vermişdir.
V.Yanukoviçin MSK-dakı səlahiyyətli nümayəndəsi Aleksandr Lavrinoviç inauqurasiya mərasiminin fevralın sonuncu həftəsində keçiriləcəyini bildirmişdir. Regionlar Partiyasının sədr müavini Boris Kolesnikov inauqurasiya mərasiminin ölkənin ali administrativ məhkəməsinin verdiyi hökmdən sonra keçiriləcəyini bildirib.
Ukraynanın baş naziri Y.Timoşenko V.Yanukoviçin prezident seçilməsini qəbul etmədiyini bildirmişdir. O, bu bəyanatını ölkə vətəndaşlarına telemüraciətində yayımlamışdır. Mətndə deyilir: "Mən qətiyyətlə bildirirəm: Yanukoviç bizim prezident deyil. Bundan sonra hadisələrin gedişinin necə cərəyan edəcəyindən asılı olmayaraq, o, heç vaxt Ukraynanın seçilmiş legitim prezidenti olmayacaq". Baş nazirin dediyinə görə, seçkilərin gedişində saxtakarlıqlar edilib və bu, "siyasi deklarasiya yox, hüquqi və konkret hüquqşünas mövqeyidir." Y.Timoşenkonun fikrincə, bir milyondan çox seçici səsi saxtalaşdırılmışdır.
Y.Timoşenko seçkinin həqiqi nəticələrinin məhkəmə tərəfindən müəyyənləşdiriləcəyini bildirib. O, kütləvi etiraz aksiyası keçirməyəcəyini vurğulayıb: "Mən tərəfdarlarımı küçə və meydanlara yığıb, rəsmi vətəndaş qarşıdurması yaratmayacağam. Hazırda Ukraynaya sakitlik və sabitlik lazımdır."
RİA "Novosti" agentliyinin fevralın 15-də yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev Ukraynanın seçilmiş prezidenti V.Yanukoviçdən xahiş edib ki, yaxın günlərdə Moskvaya səfər etsin. D.Medvedev dəvətin səbəbini ölkələr arasında aktual əməkdaşlıq məsələlərinin geniş dairədə müzakirə olunması ilə əlaqələndirir.