PDF Oxu

Dünya

  • 12

NATO Əfqanıstanda 12 dinc sakinin ölümünə səbəb olub

NATO Əfqanıstanda 12 dinc sakinin ölümünə səbəb olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, NATO qoşunlarının Əfqanıstanın Marca şəhərində keçirdikləri hərbi əməliyyatlar nəticəsində 12 nəfər dinc sakin həlak olmuşdur.
Əməliyyat zamanı silahlıların mövqelərinə atılmış raket öz istiqamətini 300 metr dəyişərək, yaşayış evinə düşmüşdür. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) komandanı general Stenli Makkristal baş vermiş hadisə ilə əlaqədar ölənlərin ailələrinə başsağlığı vermişdir. Onun dediyinə görə, artıq prezident Həmid Karzayidən də üzr istəmişdir. O, qeyd etmişdir ki, hazırkı əməliyyat ölkə ərazisində sabitliyin bərpa edilməsi məqsədilə "Taliban" hərəkatına qarşı aparılır. İnsidentdən sonra, komandanlıq İSAF ordusuna raket zərbələri endirməyi qadağan etmişdir.
Koalisiya qüvvələrinin taliblərə qarşı apardığı böyük əməliyyat fevralın 13-də başlanmışdır. Əməliyyatda 15 min koalisiya qüvvələri iştirak edir. Ordu qüvvələrinin əsasını, yəni 7500 nəfərini Amerika və Britaniya hərbçiləri təşkil edir. Xatırladırıq ki, Əfqanıstanda böyük şəhərlərdən biri olan Marca taliblər tərəfindən ələ keçirilmişdi. İndiyədək 27 silahlı məhv edilmişdir. Koalisiya qüvvələri 2 nəfər itki vermişdir. NATO-nun məlumatına görə, Marcada 1000 nəfərə qədər "Taliban" döyüşçüsü vardır ki, onlardan 100 nəfərdən çoxu xarici ölkə vətəndaşlarıdır.
2009-cu il sentyabrın 4-də Əfqanıstanın Kunduz şəhərində alman hərbi kontingentinin aviasiya zərbəsi nəticəsində 179 nəfər dinc sakin xəsarət almışdı. Onlardan 137 nəfəri həlak olmuş, 20 nəfəri yaralanmış, 22 nəfəri isə itkin düşmüşdür.

Digər xəbərlər