Timoşenko ikinci turda məğlub olduğunu etiraf etmir
"Ukrainskiye Novosti" agentliyinin yaydığı xəbərə görə, Ukrayna Mərkəzi Seçki Komissiyası fevralın 7-də Ukraynada keçirilən parlament seçkilərinin ikinci turunun protokolarının 95 faizini araşdırdıqdan sonra, Viktor Yanukoviçin 48,23, Yuliya Timoşenkonun isə 46,14 faiz seçici səsi qazandığını bəyan etmişdir. Fevralın 8-i saat 12.30-a olan məlumata görə, prezidentliyə namizədlər arasındakı fərq 2 faizə yaxındır. Seçicilərin 4,4 faizi namizədlərin hamısı əleyhinə səs vermişdir.
YTB lideri və Ukrayna prezidentliyinə namizəd Y.Timoşenko prezident seçkilərinin ikinci turundakı məğlubiyyətini qəbul etmədiyini bildirmişdir. "Ukrainskiye Novosti" agentliyi qeyd edir ki, Y.Timoşenko "exit-poll"un V.Yanukoviçin qələbəsi haqda yaydığı məlumat sosioloji məsələ hesab edir və tərəfdarlarının "hər bir səs və hər bir protokol" uğrunda sonadək mübarizə aparacaqlarını bildirmişdir. "Hazırda komandamız səsləri hesablamaqla məşğuldur. Biz hər bir protokolu diqqətlə nəzərdən keçirəcəyik. Gecə saat 2-dən sonra paralel surətdə səslərin hesablanmasını davam etdirməklə, ilkin məlumatı əldə edəcəyik. Kimsə real səs hesablanmasını nəzərə almayaraq, kiminsə qələbəsini elan etsə, bu, sadəcə olaraq, seçicilərin şüurlarında manipulyasiya etməkdən başqa bir şey olmayacaqdır. Son protokol hesablanmadan, hər hansı nəticə haqda danışmaq qeyri-mümkündür" deyə "Ukrainskaya Pravda" internet-nəşrində Y.Timoşenko bildirmişdir.
Y.Timoşenkonun seçki qərargahının rəhbəri Aleksandr Turçinovun dediyinə görə, "hələlik, qalib haqda hər hansı bir bəyanat yaymaq tezdir". Xatırladırıq ki, "exit-poll" V.Yanukoviçin 3-6 faiz nəticə ilə qalib gələcəyini bəyan etmişdi.