Almaniyanın dövlət qulluqçuları ümummilli tətil elan etmişlər
"DPA" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 3-dən etibarən, Almaniyada dövlət qulluqçularının xəbərdarlıq tətilləri başlayacaqdır. Bu haqda məlumatı Almaniyanın xidmət sahəsi əməkdaşlarının birləşmiş həmkarlar ittifaqının sədri Frank Bsirske vermişdir. Məlumat Potstamda yeni tarif razılaşması haqqında aparılan danışıqların ikinci raundu uğursuzluqla nəticələndikdən sonra verilmişdir.
Həmkarlar ittifaqları tələb edir ki, əməkdaşların əmək haqları artırılsın, istehsalat təlimlərinin şəraiti yaxşılaşdırılsın və işin səviyyəsi professional həddə çatdırılsın. Dövlət qulluqçuları həm də tələb edirlər ki, sahibkarlar əməkhaqqını 5 faiz artırsınlar. Federal hakimiyyət dairələri, öz tərəflərindən çıxış edərək, büdcə vəsaitlərinin çatışmadığını bəyan edirlər. Daxili işlər naziri Tomas de Mazerin dediyinə görə, Almaniyanın ağır ressesiya mərhələsi yaşadığı bir vaxtda həmkarlar ittifaqlarının tələblərini yerinə yetirmək qeyri-mümkündür.
Xəbərdarlıq tətilləri ölkənin hər yerində keçirilsə də, aktivliyin Bavariyada daha çox müşahidə ediləcəyi gözlənilir. Aksiyada ictimai nəqliyyat, xəstəxana, uşaq bağçaları, qocalar evləri, dövlət müəssisələri və idarələrinin əməkdaşları iştirak edəcəkdir. Münhendə zibil təmizləyənlər də tətilə qoşulacaqlar.
Həmkarlar ittifaqları və hakimiyyət nümayəndələri ilə danışıqların üçüncü mərhələsi fevralın 10-da başlayacaqdır. Yeni tarif razılaşması 2 milyon nəfərə yaxın dövlət xidmət sahəsinin əməkdaşlarının vəziyyətinin yaxşılaşdırılmasına xidmət edə bilərdi.