PDF Oxu

Dünya

  • 12

Barak Obama xalqa ilk müraciətini edib

Barak Obama xalqa ilk müraciətini edib
Yanvarın 28-də səhər tezdən ABŞ prezidenti Barak Obama Konqresdə "Ölkənin vəziyyəti haqqında" mövzusu ətrafında xalqa müraciət etmişdir. "CNN" də daxil olmaqla, ABŞ-ın əksər telekanalları bu çıxışı translyasiya etmişlər. B.Obama konqresmenlər önündə çıxışı zamanı demişdir ki, son illər ərzində böhrana qarşı aparılan təxirəsalınmaz tədbirlər öz bəhrəsini vermişdir. Onun dediyinə görə, "iqtisadi fırtına ötüb keçsə də, onun dağıntılarının qalıqları hələ də qalmaqdadır".
Gözlənildiyi kimi, ABŞ prezidentinin çıxışının böyük qismi işsizliklə mübarizəyə həsr edilmişdir. B.Obama xüsusi qeyd etmişdir ki, onun administrasiyasının səyləri nəticəsində 2 milyon əlavə iş yeri açılmışdır. "Daha 1,5 milyon iş yerini ilin axırınadək işsizlərə təqdim edəcəyik" deyə B.Obama bildirmişdir. O, regional banklar vasitəsilə kiçik biznes sahəsinə 30 milyard dollar məbləğində kredit ayrıldığını xüsusi vurğulamışdır. Söhbət böhranın qızğın çağında bankların dövlət büdcəsindən aldıqları maliyyə yardımından gedir. B.Obama etiraf etmişdir ki, böhran effekti yaradan böyük bankların bu yardımdan faydalanmasına pis gözlə baxır. O, kiçik biznesin inkişafı və işsizliyin aradan qaldırılması naminə yeni vergi təzminatları tətbiqinin mümkünlüyünü də təsdiq etmişdir. ABŞ prezidenti belə hesab edir ki, bu təzminatlardan əmək haqlarını artıran və işə yeni əməkdaşlar cəlb edən milyondan çox kompaniya faydalana bilər.
ABŞ prezidenti öz müraciətində federal hakimiyyət dairələrinin sürətli nəqliyyat sisteminin yaradılmasına bir neçə milyard dollar ayıracağını bildirmişdir. Onun fikrincə, bu yolla əlavə iş yerləri yaratmaq mümkündür. B.Obama 2011-2013-cü illər üçün büdcə xərcləri proqramının müəyyən hissəsinin dondurulmasını xahiş etmişdir. O, qanunvericilərin bu təşəbbüsü dəstəkləməyəcəyi təqdirdə, veto hüququdan istifadə edəcəyini vurğulamışdır. B.Obama vergi gəlirlərinin dondurulmasının vacibliyini ötənilki iqtisadi dirçəlişə sərf edilmiş trilyonlarla dolları kompensasiya etməklə əsaslandırmışdır.
ABŞ prezidenti tezliklə İraqdakı hərbi kontingentin geri qaytarılacağını bildirmişdir: "Biz İraq hökumətinə seçkilər keçirməkdə dəstəkçi olacağıq. İraq xalqı regionda sülh təmin olunanadək bizim müttəfiqimiz olacaqdır. "Müharibə başa çatmışdır və qoşunlarımız evə qayıdacaqdır" demək də səhv olmazdı. O, Əfqanıstana əlavə qoşun hissələrinin yeridilməsinə də diqqət ayırmışdır.
B.Obama konqresmen və senatorların diqqətini səhiyyə sahəsində aparılacaq islahat layihələrinə də yönəltmişdir: "Bu il bir çox amerikalılar sığortadan məhrum edilənlər sırasına qoşulacaqdır. Mən bu adamları diqqətdən kənar saxlaya bilmərəm. Zalda əyləşənlər də mənim kimi etməlidirlər. Biz müsbət uzaqlıqlara meyil etdiyimiz bir vaxtda dayanıb gözləyə bilmərik. Gəlin Amerika xalqının rifahı naminə birgə fəaliyyətimizi davam etdirək."
Auditoriya B.Obamanı sürəkli alqışlarla qarşılamışdır. Prezidentin nitqi 1 saat 20 dəqiqə çəkmişdir. Onun çıxışı ən azı 10 dəfə sürəkli alqışlarla müşayiət edilmişdir.

Digər xəbərlər