Rusiya prezidenti Qafqazda general-qubernatorluq mərhələsinin başa çatdığını bəyan edib
Rusiya prezidenti Dmitri Medvedev belə bir bəyanat vermişdir ki, Şimali Qafqaz güc metodları yox, iqtisadi metodlar vasitəsi ilə idarə olunmaq ehtiyacı duyur.
"İnterfaks" agentliyinin məlumatına görə, Krasnaya Polyanada jurnalistlərlə görüşündə D.Medvedev, Şimali Qafqaz Federal Dairəsi prezidentinin siyasi məsələlər üzrə sədri olan Aleksandr Xoloponinin başlıca vəzifəsinin nədən ibarət olduğunu bu cür ifadə etmişdir: "Pularımız çoxdur və bu bölgədə sərt xarakterli məmur yox, iqtisadiyyatı dərindən bilən menecer lazımdır. Artıq Qafqazda general-qubernatorluq mərhələsi başa çatmışdır." D.Medvedevin fikrincə, bu işin yerinə yetirilməsi üçün Qafqazda iqtisadiyyatın fəaliyyət şərtləri və sosial-iqtisadi göstəricilər Rusiyanın orta göstəriciləri səviyyəsinə qaldırılmalıdır. Rusiya prezidenti belə hesab edir ki, bunun üçün bölgədə münasib investiya mühiti formalaşdırılmalı, yeni iş yerləri yaradılmalı və işsizliyin səviyyəsinin aşağı salınması lazımdır. D.Medvedev bundan başqa, Qafqazda təhlükəsizliyi təmin etmək üçün cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinin də vacib amil olduğunu vurğulamışdır.
Şimali Qafqaz Federal Dairəsi D.Medvedevin sərəncamı ilə cari ilin 19 yanvarında yaradılmışdır. A.Xoloponin tutduğu vəzifədən başqa, həm də Rusiya hökumətinin baş nazirinin müavini postunu tutmaqdadır. Rusiya prezidenti A.Xoloponinin həm yerli kadrlar, həm güc strukturları, həm də regionun iqtisadi məsələləri ilə məşğul olacağını bildirmişdir.