PDF Oxu

Dünya

  • 16

Qərb Əfqanıstanda verəcəyi sülh təminatına görə taliblərə pul verəcək

Qərb Əfqanıstanda verəcəyi sülh təminatına görə taliblərə pul verəcək
Yanvarın 22-də "Bi-Bi-Si" agentliyinə müsahibə verən Əfqanıstan prezidenti Həmid Karzayi "Taliban" hərəkatı üzvlərinin silahı yerə qoyacaqları təqdirdə, onlara pul mükafatı təklif edəcəyini bildirmişdir. "Frans Press"in məlumatına görə, bu planın maliyyələşməsini Qərb öz üzərinə götürəcəkdir. "Biz silahı yerə qoyanlara iş verməyi, icmalarda yaşamağı və hüquqlarını müdafiə etməyi öz üzərimizə götürürük" deyə H.Karzayi "Frans Press"ə bildirmişdir. Onun dediyinə görə, hazırda "Taliban" liderləri muzdla tutduqları silahlılara kifayət qədər çox əməkhaqqı verirlər. Hökumətin hərbi qulluqçulara və hüquq-mühafizə orqanı əməkdaşlarına dövlət büdcəsindən ayırdığı məvacib qat-qat aşağıdır. Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Hillari Klinton verdiyi bəyanatında ABŞ-ın Əfqanıstan və Pakistanda vəziyyətin nizama salınması sahəsindəki strategiyasının qeyri-hərbi xarakterli olacağını bildirmişdi. O deyirdi ki, tezliklə ABŞ-ın mülki ekspertləri bu iki ölkəyə gedib, terrorçu qrupların silahlarını yerə qoymaları tələbini irəli sürəcəklər. Hazırda "Taliban" hərəkatı döyüşçüləri Əfqanıstan ordusu, koalisiya qüvvələrinə qarşı hücumlar təşkil edir və mülki obyektləri dağıdırlar. Yanvarın 18-də onlar Kabulda bir neçə dövlət binasına və ictimai müəssisələrə hücum etmişlər. Hökumət qüvvələri və terrorçular arasında atışma gedərkən, Həmid Karzayi 100 metr yaxınlıqda yerləşən prezident sarayında nazirlərlə görüş keçirirdi. Son aylarda "Taliban" Pakistanın qərbində mövqelərini xeyli möhkəmləndirməyə nail olmuşdur.

Digər xəbərlər