“Human Right Watch” təşkilatının hesabatı reallıqdan tamamilə uzaqdır
- "Human Right Watch" təşkilatı bu yaxınlarda açıqladığı hesabatında Azərbaycandakı mövcud vəziyyətlə bağlı tənqidi fikirlərə yer verib. Hesabatdakı məlumatlara görə guya ölkəmizdə insan huquqları, mətbuat azadlığı pozulur, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə maneələr var. Ümumilikdə, ölkədəki vəziyyəti və bunun fonunda təşkilatın hesabatını necə şərh edərdiniz?
- Bəzi beynəlxalq təşkilatlar hər dəfə ölkə hakimiyyətindən narazı qüvvələrin sözlərini əsas götürərək, bu cür hesabatlar verirlər. Mən hesab etmirəm ki, bu gün Azərbaycanda insan hüquqları və söz azadlığı pozulur. Həmçinin, QHT-lərin fəaliyyəti və onların layihələri ilə bağlı hər hansı problemlərin olduğuna da inanmıram. Ola bilər ki, hansısa QHT obyektiv səbəblərə görə rəsmi qeydiyyatdan keçə bilmir və nəticədə "Human Right Watch" kimi təşkilatların hesabatlarına düşür. Mətbuatın vəziyyəti ilə bağlı yazılanlara isə cavab olaraq, demək istəyirəm ki, bəzi mətbu orqanlarda hansısa siyasi- ictimai xadimin haqqında təhqiramiz fikirlər yer alır. Qarşı tərəf də həmin mətbu orqanı məhkəməyə verir və ya Mətbuat Şurasına şikayət edir. Bundan sonra mətbu orqanlar əsassız olaraq, beynəlxalq təşkilatlara müraciət edirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı pozulur. Eyni zamanda, hesabatda yazılanların tam əksinə olaraq, mən ölkəmizdə siyasi məhbusun olduğunu, eləcə də, insan hüquq aə azadlıqlarının pozulduğunu düşünmürəm. Əgər vaxtilə hansısa bir şəxs Azərbaycanın tərkibində başqa bir respublika yaratmağa cəhd göstərirsə və həmin qeyri-qanuni hərəkətlərinə görə həbs olunursa, buna siyasi məhbus demək olmaz. Həmin şəxslər Azərbaycan dövlətinin qanunlarını kobudcasına pozub, çevrilişə cəhd ediblər. Bu baxımdan, ölkədəki mövcud hadisələrə bu cür yanaşmanın düzgün olmadığını düşünürəm. Hesab edirəm ki, bu cür məzmunlu hesabatlar yayan beynəlxalq təşkilatlar öz maraqlarını güdür və həmin hesabat da bu məqsədə xidmət edir.
- Hesabatda siyasi məhbus məsələsi ilə bağlı həmməruzəçinin təyin olunması Avropa Şurasının (AŞ) ədalətli mövqeyi kimi dəyərləndirilib. Sizcə, belə bir təyinatın olmasına ehtiyac var idimi?
- Təbii ki, yox. Mən bəzi beynəlxalq təşkilatların, AŞ Parlament Assambleyasının, Avropa Birliyinin ayrı-ayrı ölkələrdə yaratdıqları qurumların hesabatlarını obyektiv hesab etmirəm. Bu cür hesabatların əksinəyik və onlar kəskin narazılığımıza səbəb olur. Hətta bizdə olan məlumatlara görə, bəzi təşkilatlar öz hesabatlarını hazırlayarkən, alverə əl atmaqdan belə çəkinmirlər. Belə ki, onlar məhbusun ailəsindən və ya qohumlarından pul alaraq, hesabatlarında onların adlarını siyasi məhbus kimi qələmə verir. Bu saxtakarlıqlar barəsində mətbuat orqanlarında da müəyyən yazılar dərc olunmuşdu. Azərbaycandakı ictimai-siyasi vəziyyəti qeyri-obyektiv qiymətləndirərək, siyasi məhbus üzrə həmməruzəçinin təyin olunması da məqbul hal deyil. Hesab edirəm ki, həmin təşkilatlar müstəqil araşdırmalar apararaq, hadisələrə daha obyektiv müstəvidən baxa bilərlər.
- Azərbaycana yönəlik birtərəfli hesabatların hazırlanmasında ölkədaxili qrupların rolunu görürsünüzmü?
- Əfsuslar olsun ki, bu cür narahatlıq doğuran hesabatlar yayan beynəlxalq təşkilatlar ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına bu qədər cəhdlər göstərmirlər. Onlar problemin ədalət prinsipi əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraqlı deyillər. Belə olan halda da, ədalətdən və insan hüquqlarının müdafiəsindən bəhs edirlər. Müxtəlif sahələrdə ölkəmizin ünvanına ağır tənqidi fikirlər söyləməklə, onun imicinə xələl gətirməyə çalışırlar. Hesab edirlər ki, guya bununla ölkəmizə zərbə vuracaqlar. Onların fəaliyyətinin əsil mahiyyəti cəmiyyətə çatdırılmalı və onlar bu cür hesabatların qeyri-ciddiliyinə əmin olmalıdırlar. Əhalimiz heç kimə bu cür qondarma rəylərlə Azərbaycanın imicinə mənfi təsir etməsinə icazə verməməlidir. Mən bu cür hesabatları Azərbaycana təzyiq vasitəsi kimi qiymətləndirirəm.
- Fuad müəllim, bu ilin sonlarında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Pərakəndə və dağınıq halda olan müxalifət partiyaları seçki ərəfəsində yenidən birləşmək ideyası ilə çıxış edir. Sizcə, bu birlik çağırışları nə dərəcədə realdır?
- Mən də hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində müxalifət partiyaları vahid mövqeyə gəlməlidir. Hətta ötən bələdiyyə seçkilərindən fərqli olaraq, parlament seçkilərində müxalifətin vahid namizədinin müəyyənləşdirilməsini arzu edərdik. Yəni, müxalifət partiyaları bir-birinə qarşı çıxış etməsinlər. Bu baxımdan, istərdik ki, müxalifətin birləşdiyi vahid bir qurum olsun və seçki fəaliyyəti də qurumun prinsipləri çərçivəsində həyata keçirilsin. Təbii ki, ideyanın baş tutmaması istisna deyil. Belə olacağı halda, müxalifət partiyaları seçki prosesində yenidən pərakəndə vəziyyətə düşərək, bir-birinə qarşı ittihamlar irəli sürəcəklər. Bir sözlə, müxalifətdaxili birləşmənin reallaşmaması onların parlament seçkilərində qalib gələ bilməməsinə əsas yaradacaq.
- Seçkilərdə qalib gələcəyinə kifayət qədər iddialı olan müxalifət partiya sədrləri də var. Onlara Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ADP sədri Sərdar Cəlaloğlu və s. daxildir. Onlar ALDP kimi siyasi partiyalara, sanki yuxarıdan aşağı baxırlar. Necə fikirləşirsiniz, bunlardamı seçkilərdə qalib gələ bilməyəcəklər?
- Təcrübə onu göstərir ki, həmin partiyalar müəyyən blok yaradarkən, sonradan üstdən aşağı baxdıqları partiyalara əməkdaşlıq təklif ediblər. Müəyyən məsələlərdə onlarla birləşərək dəstək vermələrini xahiş edirlər. Təbii ki, bu yanaşma ilə hərəkət edərsə, həmin müxalifət partiyaları heç nəyə nail ola bilməyəcəklər. Burada kiminsə böyük, kiminsə kiçik olması haqqında söhbətlərin aparılması yersizdir. Birləşmək üçün də sağlam düşüncə və sağlam ideya olmalıdır.
- Müsavat başqanı İsa Qəmbərovun dediyinə görə, müxalifət partiyalarının bir qismi MTN-ə, digər qismi isə Rusiyaya "işləyir". Bu fikirləri haqlı hesab edirsinizmi?
- İsa Qəmbərovun mətbuat konfransındakı bu çıxışına mən də qulaq asmışam. O, bu ittihamları irəli sürərkən, sadəcə, bir ölkənin, ABŞ-ın adını çəkmədi. Yəqin ki, özü də Amerikaya işləyir. Hansısa partiyanın xarici dövlətlərin maraqlarına işlədiyini deyirsə, buyursun, onu sübut etsin. Onun bu tip bəyanatlar verməsinin əsas səbəbi müxalifətin blok şəklində birləşməsinə mane olmaqdan ibarətdir. O, bununla çalışır ki, müxalifət partiyaları seçki ərəfəsində birləşməsin və pərakəndə vəziyyətə düşsün. Yəni, İsa Qəmbərovun bu fikirlərini əsassız sayıram.
- Deyəsən, qeyd etdiniz ki, İsa Qəmbərov ABŞ-a "işləyir"?
- Onun məntiqi ilə desək, bu, belədir. Hətta bunu ABŞ-a yönəlik mesaj kimi qiymətləndirmək də olar. Məsələn, bu fikirlərlə İsa Qəmbərov Amerikaya demək istəyir ki, gəl, əməkdaşlıq edək.
- Fuad müəllim, əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmazsa və müharibə elan olunarsa, siyasi fəaliyyətinizi donduraraq, ön cəbhəyə getməyə hazırsınızmı?
- Sözsüz ki, belə olacaq. Mən müharibəyə hər an hazıram. Ancaq istərdik ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində uzun illərdir aparılan danışıqlar nəticə versin. Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir və münaqişənin hüquq normaları əsasında həllinə tərəfdarıq. İnşallah, tez bir zamanda xalqımızın qələbəsini qeyd edərik.