ABŞ Bundesverdən Əfqanıstanda fəallaşmağı tələb edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin komandanı Stenli Makkristal Almaniya Bundesverindən tələb etmişdir ki, Əfqanıstanın şimal regionunda, strateji məna tutumuna müvafiq olaraq, fəallığı artırsın. Xatırladırıq ki, Almaniya koalisiya qüvvələri daxilində Əfqanıstanın şimal hissəsində dislokasiya olunmuşdur.
S.Makkristal belə hesab edir ki, Əfqanıstanın şimal məntəqəsi olan Kunduz sabitliyin tənzim olunması üçün münasib yerdir. Generalın bəyanatına görə, alman əsgərlərinin diskolakasiya olunduğu yerlərdə taliblər günü-gündən təzyiqi artırır və alman ordusunun vəzifəsi öz döyüş taktikasını dəyişməkdir. Onun fikrincə, alman əsgərlərinin qətiyyətsizliyi və zirehli maşınlarda geri çəkilmələri taliblərin təzyiqlərinin artmasına səbəb olur və bu da onlarla yerli əhali arasında yadlaşma amilinin yaranması ilə nəticələnir.
Almaniyanın müdafiə naziri Karl-Teodor su Quttenberq S.Makkristalın tənqidi bəyanatını təkzib etmiş və alman hərbi qulluqçularının öz həyatlarını həddən artıq riskə məruz qoyduğunu bildirmişdir. O, Bundesverin öz taktikasını dəyişərək, ABŞ hərbçiləri kimi əfqan əsgərlərinin təlim-tədrisi ilə məşğul olacağını bildirmişdir.
İndiyədək Əfqanıstandakı almanlar yalnız əfqan hərbi qulluqçularının məşqləri ilə məşğul olmuş və bu və ya digər hərbi əməliyyatlar keçirilərkən, "müşahidəçi komanda" keyfiyyətində çıxış etmişlər. Amerika hərbi qulluqçuları isə həm Əfqanıstan əsgərlərinin təlim-məşqləri ilə məşğul olur, həm də ölkənin hərbi birləşmələri ilə birgə hərbi əməliyyatlarda iştirak edirlər.
Yanvarın 28-də Londonda Əfqanıstan üzrə beynəlxalq konfrans keçiriləcəkdir. Əfqanıstana əlavə olaraq, 30 min hərbi qulluqçu göndərməyə hazırlaşan ABŞ Almaniya və digər NATO üzrə müttəfiqlərindən tələb edir ki, buradakı hərbi kontingentlərinin miqdarını artırsınlar. Almaniya hökuməti bu məsələ ətrafında fəal müzakirələr aparsa da, hələlik, ümumi bir nəticəyə gəlməmişdir.