Klinton və Buş Haitiyə Yardım Fonduna başçılıq edir
HYF-nin saytında yerləşdirilmiş məlumata görə, ABŞ-ın sabiq prezidentləri Bill Klinton və Corc Buş Barak Obama administrasiyasının xahişi ilə Haiti Yardım Fonduna (HYF) başçılıq etməyə razılıq vermişlər. Fond Haitidə zəlzələdən zərər çəkmiş şəxslərə yaxından kömək edəcəkdir. Fond rəhbərliyi Amerika əhalisinə müraciət edib susuz, qidasız, dava-dərmansız və evsiz-eşiksiz qalmış haitililərə ianə verməyə çağırmışdır.
Bir neçə gün əvvəl B.Obama dövlət büdcəsindən Haitidə zəlzələdən zərər çəkmiş şəxslərə 100 milyon dollar ayrıldığını bəyan etmişdir. Ümumdünya Bankı da Haitiyə 100 milyon dollar ayırdığını bildirmişdir. BMT bu məqsədlə 10 milyon dollar ayırmışdır. Ümumilikdə 20 dövlət, ictimai təşkilat və kommersiya kompaniyası Haitiyə 270 milyon dollar məbləğində yardım ayırmışdır. ABŞ-ın bir neçə telekanalı vəsait toplamaq kampaniyasına başlamışdır. Aktyor və rejissor Corc Kluni xüsusi xeyriyyə telemarafonu keçirməkdədir.
ABŞ hökuməti öz ərazisində Haitidən gələn qeyri-leqal mühacirlərə müvəqqəti sığınacaq verəcəyini vəd etmişdir. Hazırda Amerikanın silahlı qüvvələri zəlzələ zonasına gələn həkimlərə, xilasedicilərə, eləcə də, zəlzələdən zərər çəkənlərə genişmiqyaslı yardım əməliyyatına başlamışdır. Bundan başqa, ABŞ ordusu humanitar yüklərin ünvanına çatdırılmasına kömək edir və yerlərdə talançıların qarşısını almağa çalışır. Hazırda 30-dək ölkə Haitiyə yardım kampaniyasına qoşulmuşdur. Bu ölkələr, mütəmadi olaraq, Haitiyə xilasedicilər, həkimlər, texnika və humanitar yardım göndərir.
Haitidə Rixter şkalası üzrə 7,3 bal gücündə zəlzələ yanvarın 11-də baş vermişdir. Bu, son bir neçə 100 il ərzində Karib dənizi regionunda baş vermiş ən dağıdıcı zəlzələ hesab edilir. İlkin məlumata görə, indiyədək 100 min nəfərədək insan həlak olmuşdur. Belə ehtimal olunur ki, ölənlərin sayı 500 min nəfərə çata bilər. Demək olar ki, Haitinin bütün infrastrukturu darmadağın edilmişdir.