Yanukoviçin tərəfdarları MSK binası qarşısına toplaşıb
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 18-də səhər Ukrayna Mərkəzi Seçki Komissiyası binası qarşısına 500 nəfərədək Regionlar Partiyası tərəfdarı toplaşmışdır. Onlar əllərində üzərinə "Seçkinin nəticələrini qoruyaq" sözləri yazılmış şüarlar tutmuşlar. Mitinqçilərin sinələrində Viktor Yanukoviçin lideri olduğu partiyanın rəmzi olmuşdur. Agentliyin məlumatına görə, MSK qarşısına get-gedə daha çox nümayişçi toplaşır. Bir müddət əvvəl burada Regionlar Partiyasının 30-dan çox çadırı quraşdırılmışdır.
Bülletenlərin 70,41 faizi yoxlandıqdan sonra, Regionlar Partiyasının lideri V.Yanukoviç 36,23 faiz seçici səsi ilə irəlidə gedir. Ukraynanın baş naziri Yuliya Timoşenko 24,59 faiz seçici səsi qazanmışdır. Sergey Tiqipko 13,03 faiz seçici səsi qazanmışdır. Bu məlumatları "Ukrainskye Novosti" qəzeti yaymışdır. Digər namizədlər-Arseni Yatsenyuk 6,91, Viktor Yuşşenko 5,07, Pyotr Simonenko 3,60, Vladimir Litvin 2,36, Oleq Tyaqnibok 1,37, Anatoli Qritsenko 1,20, İnna Boqoslovskaya isə 0,42 faiz səs toplamağa müvəffəq olmuşlar. Seçicilərin 2,22 faizi namizədlərin hamısının əleyhinə səs vermişdir. MSK-nın məlumatına görə, ölkə əhalisinin 66,72 faizi seçkilərdə iştirak etmişdir.