PDF Oxu

Dünya

  • 15

“Əl-Kaidə” Əfqanıstandakı terror aktının səbəbini açıqlayıb

“Əl-Kaidə” Əfqanıstandakı terror aktının səbəbini açıqlayıb
"Frans Press" informasiya agentliyinin yanvarın 7-də yaydığı məlumata görə, "Əl-Kaidə" terrorçuluq şəbəkəsi Əfqanıstandakı Mərkəzi Kəşfiyyat İdarəsinin bazasına hücumunun qisasçılıq zəminində baş verdiyini bildirmişdir. Məlumatda deyilir ki, ABŞ-a məxsus pilotsuz təyyarələrin bombardmanı nəticəsində "Əl-Kaidə"nin bir neçə lideri həlak olmuşdur.
Əfqanıstan "Əl-Kaidə" şöbəsinin lideri Mustafa Əbu əl-Yəzidin dediyinə görə, MKİ-nin bazasında terror aktını gerçəkləşdirən İordaniya sakini Humam Xəlil Əbumulal əl-Balavi bu haqda ölümündən əvvəl yazılı surətdə məlumat qoyub getmişdir. Əl-Yəzidin təsdiq etdiyinə görə, əl-Balavi yazmışdı ki, öldürülmüş əzabkeşlərin qisasını almaq üçün bu addımı atmışdır. O, MKİ pilotsuz aparatlarının öldürdükləri bir neçə liderin adını da çəkmişdir. Agentlik qeyd edir ki, əl-Balavi bu sırada "Taliban" hərəkatının Pakistan şöbəsinin lideri Baytulla Məhsudun və "Əl-Kaidə"nin nüfuzlu üzvlərindən biri olan Əbu Saleh əl-Somalinin adlarını çəkmişdir. Xatırladırıq ki, adları çəkilən hər iki lider ABŞ-ın pilotsuz uçan aparatlarının bombardmanı nəticəsində öldürülmüşdür.
Haqqında söhbət gedən terror aktı dekabrın 30-da Əfqanıstanın cənubi-şərqində yerləşən Xost əyalətinin "Çepmen" bazasında baş vermişdir. Partlayış nəticəsində MKİ-nin yeddi əməkdaşı öldürülmüş, altı nəfəri isə yaralanmışdır. Hadisənin məsuliyyətini "Taliban" hərəkatı öz üzərinə götürmüşdür. Tezliklə məlum olmuşdur ki, kamikadzeni hərbi bazaya MKİ əməkdaşı informator qismində dəvət etmişdir. "Nyu York Tayms" qəzetinin yazdığına görə, MKİ əməkdaşları həmin şəxsdən Üsamə bin Ladendən sonra "Əl-Kaidə"də ikinci lider hesab edilən Ayman əl-Zəvahirinin gizləndiyi yeri öyrənmək istəyirmişlər.

Digər xəbərlər