PDF Oxu

Dünya

  • 11

Silvio Berluskoni xəstəxanadan çıxıb

Silvio Berluskoni xəstəxanadan çıxıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın baş naziri Silvio Berluskoni xəstəxanadan buraxılmışdır.
73 yaşlı siyasətçi, Milan sakini Massimo Tartalyanın hücumundan sonra, dekabrın 13-də xəstəxanaya düşmüşdü. Jurnalistlərin məlumatına görə, xəstəxanada baş nazirin burnuna plastır yapışdırmışlar. Bundan başqa onun sol qaşı da müalicə edilmişdir. Əvvəllər həkimlər S.Berluskoninin xəstəxanada 24-36 saat qalacağını ehtimal edirdilər. Baş nazir daimi ağır keçirdiyindən, onun xəstəxanada saxlanma müddəti artırılmışdı. Deyilənə görə, o, yaralarının ağrısından qida qəbul edə bilmirdi. Hücum zamanı baş nazirin peysəri ağrıdığından, onda miqren əlamətləri müşahidə edilmişdi.
Xəstəxanadan buraxıldıqdan sonra, S.Berluskonu Arkor şəhəri yaxınlığındakı evinə getmişdir. O, burada yaxın iki həftə ərzində dincəlməyi planlaşdırıb. "ANSA" agentliyinin məlumatına görə, jurnalistlər baş nazirin evinin bir neçə yüz metrindən yaxına buraxılmır. Həkimlər belə hesab edir ki, S.Berluskoni burada tam sağaldıqdan sonra, tam sağlam formada iş başına qayıdacaqdır.
S.Berluskoni Milanın mərkəzi Kilsə küçəsindəki çıxışından sonra, kütləni yarıb avtomobilinə doğru gedərkən, ona hücum edilmişdir. Milan sakini Massimo Tartalya suvenir kilsə fiqurunu baş nazirin üzünə çırpmış, nəticədə S.Berluskoninin burnu qırılmış, dodağı parçalanmış və bir neçə dişi sınmışdır.
Hücum edən şəxsi həbs edib, polis məntəqəsinə aparmışlar. Ciddi araşdırmadan sonra məlum olmuşdur ki, 42 yaşlı Milan sakini psixi çatışmazlıqdan əziyyət çəkir. Dekabrın 14-də M.Tartalya baş nazirə məktub yazıb, törətdiyi əmələ görə üzr istəmişdir. Saxlanılan şəxsin vəkillərinin dediklərinə görə, hücum siyasi məqsədlə edilməmişdir. Belə ehtimal edilir ki, M.Tartalyanı 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Digər xəbərlər