Tehran polisi universitet binasını mühasirəyə alıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Tehranda yüzlərlə polis əməkdaşı universitet binasını mühasirəyə alaraq, müxalifətin etiraz aksiyasının genişlənməsinin qarşısını almağa cəhd etmişdir. Polis əməkdaşları Tehran Universitetinin yaxınlığındakı bir neçə küçəyə də doluşmuşlar. Bir müddət əvvəl, İran təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu rəsmi surətdə bəyan etmişdir ki, tələblərin qətlinin ildönümü günü onlar müxalifətin çıxışlarının qarşısını hər vəchlə alacaqlar.
Dekabrın 7-də İranda, 1953-cü il hərbi çevrilişi zamanı həlak olmuş üç tələbənin xatirəsinin anılmasına həsr edilmiş ənənəvi mitinq keçirilmişdir. Hakimiyyət dairələri ehtiyat edirlər ki, müxalifətçilər bu mitinqdən 2009-cu ilin iyununda keçirilmiş etiraz aksiyasının davamı kimi istifadə etsinlər.
Dekabrın 5-də İranın hakimiyyət dairələri ölkə ərazisində fəaliyyət göstərən jurnalistlərin akkreditasiyasını, müvəqqəti olaraq, dayandırmaq qərarı qəbul etmişlər. Ölkə ərazisində 7-9 dekabr günlərində mitinqlə bağlı heç bir məqalə dərc edilməyəcəkdir. Jurnalistlərə tövsiyə edilmişdir ki, öz redaksiyalarında oturub bayıra çıxmasınlar.
İranda inqilabdan bu yana ən böyük kütləvi mitinq 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələri elan olunduqdan sonra keçirilmişdir. Müxalifət Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinə mənfi münasibət göstərmişdir. Müxalifət seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan etmiş və bundan sonra minlərlə Tehran sakini onlara səs vermək üçün küçələrə axışmışdır. Polislə qarşıdurmaya çevrilmiş toqquşmadan sonra, rəsmi məlumata görə 30, müxalifətçilərin məlumatına görə isə 150 nəfər həlak olmuşdur. Polis 2000 nəfərə yaxın nümayiş iştirakçısını həbs etmişdi. 2009-cu ilin avqustunda həbs olunan nümayiş iştirakçılarının məhkəmə prosesləri başlanmışdır. Avqustun 5-də M.Əhmədinejad prezident andı içmişdir.