ABŞ səfiri Əfqanıstana əlavə ordu göndərməyin əleyhinə çıxıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumaat görə, ABŞ-ın Əfqanıstandakı səfiri bu ölkəyə əlavə ordu kontingentinin göndərilməsi əleyhinə çıxmışdır. Əvvəllər ABŞ-ın Əfqanıstandakı qoşunlarına komandanlıq edən və hazırda ehtiyatda olan general Karl Aykenberri ABŞ administrasiyasının Əfqanıstana, əlavə olaraq, on minlərlə əsgər göndərilməsi planları ilə razılaşmır.
General ötən həftə Vaşinqtona xüsusi teleqram göndərib, bu ölkəyə əlavə ordu kontingentinin göndərilməsinin yaxşı sonluqla bitəcəyinə şübhə ilə yanaşdığını bildirmişdir. Onun fikrincə, bu ölkədə sabitliyin pozulduğu bir vaxtda yeni qoşun hissələrinin göndərilməsi hadisələrin gələcək inkişafının anlaşılmazlıqla nəticələnəcəyini sübut edir. ABŞ ordusunun Əfqanıstandakı hazırkı komandanı Stenli Makkristalın tələbi ilə əlavə ordu hissələrinin göndərilməsi haqda Vaşinqton hələ konkret qərar qəbul etməmişdir. Ölkə Prezidenti Barak Obama komandanın bir neçə təklif planını rədd etməli olmuşdur.
K.Aykenberri öz məktubunda yazır ki, ölkə administrasiyası Əfqanıstan prezidenti Həmid Karzaya münasibətdə müəyyən sualların öz həllini tapacağı anadək kifayət dərəcədə ehtiyatla davranmalıdır. Məlum olduğu kimi, H.Karzay avqustda keçirilən prezident seçkilərində çoxsaylı qanun pozuntusunun olduğunu bildirmiş və ikinci turun keçirilməsinə razılıq vermişdir. Ancaq onun başlıca rəqibi Abdulla Abdulla prezident postu uğrunda mübarizədən əl çəkmişdir. ABŞ Əfqanıstanda korrupsiyanın baş alıb getməsindən ciddi narahatlıq keçirməkdədir. Müşavirləri B.Obamaya məsləhət görmüşlər ki, S.Makkristalın tələblərini qismən də yerinə yetirin. Xatırladırıq ki, komandan Əfqanıstana 40 min əlavə qoşun göndərilməsini tələb edirdi.
K.Aykenberrin Əfqanıstandakı hərbi kontingentə 2005-2007-ci illərdə komandanlıq etmiş və daha sonra NATO rəhbərliyinə keçmişdir. Onun fikrincə, Əfqanıstanda polis qüvvələrinin yaradılması, kənd təsərrüfatının inkişaf etdirilməsi və narkotika ticarətinə qarşı mübarizə aparılması əlavə ordu göndərilməsindən daha faydalı olardı.