“Hizbullah” Livan hökumətində iki nazir portfeli qazanıb
"Frans Press" informasiya agentliyinin Livan hökumətinin rəsmi bəyanatına əsaslanaraq, yaydığı məlumata görə, Livanın baş naziri Saad Həriri millik birlik hökuməti formalaşdırmışdır. Hökumətin tərkibinə, əvvəllər də ehtimal olunduğu kimi, iqtidarda olan "14 Mart Koalisiyası"nın 15 naziri, müxalifətin 10 naziri və ölkə prezidenti Mişel Süleymanın təyin etdiyi 5 nazir daxil edilmişdir.
Müxalifətin irəli sürdüyü 10 nazir portfelinin ikisi ölkədə fəaliyyət göstərən "Hizbullah" radikal şiə qruplaşmasına nəsib olmuşdur. Başlıca nazir postları-xarici işlər və müdafiə nazirlikləri postu prezidentin təklifi əsasında keçmiş nazirlərdə qalmışdır. Agentliyin məlumatına görə, iqtisadiyyat naziri də öz postunu saxlamağa nail olmuşdur.
Belə ehtimal olunur ki, hökumət güclərinin bu şəkildə bölünməsi heç bir tərəfə veto hüququ verməyəcək və siyasi tarazlıq təmin olunacaqdır. "Röyter"in izahına görə, müxalifətçi nazirlər iqtidar koalisiyasının qərarlarını blokadaya ala bilməyəcək, iqtidar koalisiyası isə, hökumət tərkibində yerlərin yarısını əldə etməklə, sadə səs çoxluğu qazana bilməyəcək.
2009-cu ilin iyun ayının əvvəllərində keçirilən parlament seçkilərindən sonra Livan, faktik olaraq, hökuməti formallaşdırmaqdan məhrum idi. Hökumət koalisiyasının 71, müxalifətin isə 57 mandatı olsa da, tərəflər uzun müddət öz aralarında razılıq əldə edə bilməmişlər. Bu səbəbdən, Saad Həriri sentyabrın 10-da istefa vermişdi. Ancaq bir həftədən də az müddət ərzində ölkə prezidenti onu yenidən öz vəzifəsinə bərpa etmişdi.