PDF Oxu

Dünya

  • 10

Ukraynanın Səhiyyə Nazirliyi əleyhinə cinayət işi qaldırılıb

Ukraynanın Səhiyyə Nazirliyi əleyhinə cinayət işi qaldırılıb
Noyabrın 2-də Ukrayna Prokurorluğunun saytında gedən məlumata görə, ölkənin səhiyyə nazirliyinin bəzi məmurları əleyhinə cinayət işi qaldırılmışdır. Baş prokurorluq həmin şəxsləri qrip epidemiyasının yayılmasının qarşısını almaqda az əzmkarlıq göstərdiyini əsas gətirmişdir. Prokurorluq "donuz qripi" profilaktikası üçün səhiyyə nazirliyinə büdcədən xeyli pul ayrıldığını üzə çıxarmışdır. Yoxlama nəticəsində epidemiya ilə mübarizədə pozuntu və səhlənkarlıq faktları müşahidə edilmişdir. İş istintaq üçün prokurorluq orqanlarına göndərilmişdir. Ukrayna Prokurorluğunun məhz hansı pozuntuları nəzərdə tutduğu saytda göstərilməmişdir. "İTAR-TASS" agentliyinin məlumatına görə, kütləvi informasiya vasitələrində səhiyyə nazirliyinin lüzumsuz test sistemləri aldığı haqda məlumatlar yayılmışdır. Səhiyyə nazirliyinin son məlumatına görə, hazırda qrip virusundan Ukraynada 70 nəfər həlak olmuşdur. Onların arasında üç uşaq və iki hamilə qadın olmuşdur. 255,5 min nəfərdə qrip virusu aşkar edilmişdir. "Donuz qripi" epidemiyası ilə əlaqədar Ukraynanın 9 vilayətində karantin elan edilmişdir. Bu vilayətlərdə orta və ali məktəblər, uşaq bağçaları bağlanmış, orduya çağırış dayandırılmışdır. Prezident Viktor Yuşşenko epidemiyanın milli təhlükəsizliyi təhdid etdiyini bəyan etmiş və dünya ictimaiyyətini köməyə çağırmışdır. Polşa radiosunun məlumatına görə, bu ölkədən Ukraynaya "donuz qripi"nin diaqnostikası üzrə bir neçə laboratoriya göndərilmişdir. Həmin laboratoriyalar xüsusi cihazla təchiz edilmişdir. Laboratoriya ilə yanaşı, Ukraynaya xeyli mütəxəssis də ezam edilmişdir. V.Yuşşenko Rusiya, Belorus, Moldova, Rumıniya, Slovakiya, ABŞ, Macarıstana, o cümlədən, NATO-nun baş katibinə və Avropa Komissiyasının başçısına yardım üçün müraciət etmişdir.

Digər xəbərlər