İsrail və İran son 30 ildə ilk dəfə öz aralarında danışıq keçirib
"Haaretz" qəzetinin yazdığı məlumata görə, İsrailin və İranın rəsmi dairələri 1979-cu ildən sonra, ilk dəfə olaraq, Qahirədə öz aralarında qapalı danışıqlar aparıblar. Danışıqların mövzusu Yaxın Şərqin nüvəsiz zona olmasına həsr edilmişdir.
İsrailin atom enerjisi üzrə komissiyasının nümayəndəsi Meyrav Zəfəri Ü Odiz və İranın MAQATE-dəki səfiri Əli Aşqar Soltani sentyabrın 29 və 30-da Qahirənin "Four Seasons" otelində qapalı qapılar arxasında bir neçə görüş keçirmişlər. Görüşlərin keçirildiyi indi məlum olmuşdur. Görüşlər nüvənin yayılmaması və nüvə tərksilahı beynəlxalq komissiyasının bayrağı altında keçirilmişdir. "Assoşieyted Press"in məlumatına görə, rəsmi Tehran İsraillə məxfi danışıqlar aparmadığını bildirmişdir.
"Haaretz" qəzetinin yazdığına görə, qapalı yığıncaqlarda İsrail və İran nümayəndələrindən başqa, Ərəb Dövlətləri Liqası, İordaniya, Misir, Tunis, Türkiyə, Mərakeş, BƏƏ, Səudiyyə Ərəbistanı, eləcə də, Avropa Birliyi və ABŞ müşahidəçiləri iştirak etmişlər. İsrailin atom enerjisi üzrə komissiyadakı mənbə danışıqların keçirilməsi faktını təsdiqləsə də, geniş şərh verməkdən imtina etmişdir. İştirakçılar danışıqların detallarını məxfi saxlamaq qərarı qəbul etmişlər ki, gələcəkdə diskussiyaları daha etibarlı və səmimi şəkildə davam etdirə bilsinlər. Qapalı yığıncaqda üç məsələ müzakirə edilmişdir. Birincisi, Yaxın Şərqin nüvəsiz zona adlandırılması, ikincisi, nüvə silahlarının regionda yayılmasının qarşısının alınması, üçüncüsü atom enerjisindən dinc məqsədlərlə istifadə olunması.