PDF Oxu

Dünya

  • 11

Pakistan hərbçiləri 60 talibi məhv edib

Pakistan hərbçiləri 60 talibi məhv edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistan hərbçiləri Cənubi Vəziristan əyalətində keçirilən əməliyyat nəticəsində "Taliban" hərəkatının 60 silahlısını məhv etdiklərini bəyan etmişlər. Pakistan hərbi komandanlığının məlumatına görə, hərbi əməliyyatlar şənbə günü başlanmışdır. Yerli hakimiyyət orqanlarının məlumatında deyilir: "Son bir neçə sutka ərzində Pakistanda 60 talib məhv edilmişdir. Qarşıdurma nəticəsində 5 Pakistan əsgəri həlak olmuş, 11 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır."
Hücum əməliyyatı nəticəsində taliblərin mövqelərinə bir neçə aviasiya zərbəsi endirilmiş, bunun ardınca isə yerüstü hücum əməliyyatı keçirilmişdir. Agentlik əməkdaşlarından birisinin dediyinə görə, taliblər, hələlik, ciddi müqavimət göstərmirlər. Onun fikrincə, Pakistan hərbçiləri, hələlik, terrorçuların dayaq nöqtələrinə yaxınlaşmamışlar. Pakistan ordusunun general-mayoru Atar Abbas əməliyyatla əlaqədar demişdir: "Əməliyyat uğurla başa çatanadək davam etdiriləcəkdir. Hazırda ordu Cənubi Vəziristana gedən bütün giriş və çıxış məntəqələrini mühasirəyə almışdır."
Pakistan ordusu fəal döyüş əməliyyatına, iki həftə əvvəl baş vermiş bir neçə terror aktından sonra keçmişdir. Həmin terror aktlarından sonra, 170 nəfərdən çox adam həlak olmuşdur. Oktyabrın 17-də Pakistan hərbçiləri taliblərin Maksin və Lad şəhərlərindəki mövqelərinə bir neçə aviasiya zərbəsi endirmişlər. Ehtimal edilir ki, bu şəhərlərdə Pakistan taliblərinin lideri Həkimulla Məhsudun mənzil-qərargahı yerləşir.
Hərbi əməliyyatlarda 28 min nəfərə yaxın hərbi qulluqçu iştirak etmişdir. Cənubi Vəziristanda 10-12 min talibin gizləndiyi ehtimal edilir. Bu məntəqəyə, mütəmadi olaraq, aviasiya zərbələri endirən ABŞ hərbçiləri regionun dünyada ən təhlükəli yer olduğunu bildirirlər. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, son beş gün ərzində 20 min nəfərdən çox dinc əhali əyaləti tərk etmişdir.

Digər xəbərlər