PDF Oxu

Dünya

  • 7

Barak Obama Nobel sülh mükafatına layiq görülüb

Barak Obama Nobel sülh mükafatına layiq görülüb
ABŞ prezidenti Barak Obama 2009-cu il üzrə Nobel sülh mükafatının laureatı olmuşdur. Mükafat ona "beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi sahəsində qazandığı böyük uğurlara və xalqlar arasında əməkdaşlıqların möhkəmləndirilməsi" formulirovkasına görə təqdim edilmişdir.
B.Obama 2009-cu ilin yanvarında ABŞ-ın 44-cü prezidenti postunu tutmuş ilk afroamerikalıdır. O, Birləşmiş Ştatlara başçılıq etdikdən sonra, əvvəlki birtərəfli xarici siyasətdən imtina edəcəyini, yalnız ABŞ əhalisinin yox, həm də bütün dünya ölkələri əhalisinin qayğısına qalacağını vəd etmişdir. B.Obama ABŞ-ın son 30 il ərzində diplomatik münasibət qurmadığı İranla da danışıqlara getməyə hazır olduğunu bildirmişdir. Onun seçkiönü proqramının müddəalarından biri də İraqdakı hərbi kampaniyanı başa çatdırıb, ABŞ hərbi kontingentini oradan çıxarmaq olmuşdur.
2008-ci ildə Nobel sülh mükafatı Finlandiya diplomatı Marti Axtisaariyə təqdim edilmişdir. O, əsasən, Kosovo konfliktinin nizama salınması planının müəllifi kimi tanınır. Ancaq bu mükafat ona üç kontinentdə bir çox konfliktlərin nizama salınmasında vasitəçilik etdiyi üçün verilmişdir. 2007-ci ildə Nobel mükafatı ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qora verilmişdir.
2009-cu il Nobel mükafatının məbləği 10 milyon İsveç kronuna (970 min avro) bərabərdir.

Digər xəbərlər