Sakit okeanda sunami təhlükəsi elan edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, maqnituda dərəcəsi 7,8 bala çatan zəlzələnin Sakit okean regionunda sunami təhlükəsi yaradacağı elan olunmuşdur. Zəlzələ Santo adasının 204 kilometrliyində baş vermişdir. İlkin proqnozlara görə, kükrəməkdə olan sunami Vanuatu Respublikası, Solomon adaları, Nauru, Papua-Yeni Qvineya, Tuvalu, Yeni Kaledoniya, Fici və Kiribatini öz ağuşuna ala bilər. Zəlzələnin episentri yerin 35 kilometr dərinliyində yerləşir.
Cümə axşamı Filippində baş vermiş 6,7 maqnituda dərəcəli zəlzələnin episentri okeanın 582 kilometr dərinliyində olmuşdur. Bu səbəbdən də, yerüstü təkanlar kifayət qədər zəif olmuşdur.
Yaponiyanın müxtəlif ərazilərində kükrəyən "Melor" tayfunu üç nəfərin ölümünə səbəb olmuşdur. "Bloomberq" informasiya agentliyinin məlumatına görə, sahilyanı ərazilərdən 21 min nəfərə yaxın əhali evakuasiya edilmişdir. Güclü yağan leysan yağışları və saatda 139 kilometrə çatan küləyin sürəti beynəlxalq və daxili aviasiya reyslərinin təxirə salınmasına və yerüstü nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olmuşdur. Bu səbəbdən Tokionun yaxınlığında yaşayan 2,5 milyondan çox adam işə vaxtında çata bilməmişdir.
"Melor" tayfunu Cənubi-Şərqi Asiya ölkələrində tüğyan edən dördüncü böyük tropik siklon hesab edilmişdir. Bu ilin avqustunda Yaponiya sahillərində tüğyan edən "Etau" tayfunu 25 nəfərin ölümünə səbəb olmuşdur. Tayvanda baş vermiş "Morakot" tayfununun qurbanlarının sayı 600 nəfərdən çox olmuşdur. Son 40 il ərzində ən böyük daşqın Filippində baş vermiş və "Ketsana" tropik qasırğasının yaranmasına səbəb olmuşdur. Bu qasırğa 300 nəfərin həyatına son qoymuşdur.