PDF Oxu

Dünya

  • 9

Terrorçu Zazi “Əl-Kaidə”nin nümayəndələri ilə əlaqə yaradıb

Terrorçu Zazi “Əl-Kaidə”nin nümayəndələri ilə əlaqə yaradıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Nyu-Yorkda terror aktı törətməyə hazırlaşmaqda ittiham edilən Nəcibulla Zazi "Əl-Kaidə" terrorçuluq şəbəkəsinin istintaqa yaxın olan yüksək səviyyəli nümayəndələri ilə əlaqə yaratmışdır. Məlum olmuşdur ki, ilk olaraq, avqustun axırlarında Zazinin izinə düşən Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olmuşdur. Həmin vaxt Zazi əldə etmiş olduğu informasiyanı Federal Təhqiqat Bürosu və Amerikadaxili digər  dövlət təşkilatlarına ötürmüşdü.
Beləliklə, Zazi planlaşdırılmış terror aktından əvvəl xüsusi xidmət orqanlarının görüş dairəsinə düşmüşdür. İstintaqın məlumatına görə, Əfqanıstan mühaciri olan Zazi nəzərdə tutduğu terror aktının 2001-ci il 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində yerinə yetirmək istəyirdi. Zazinin həbsi MKİ-nin təhqiqatlarında beynəlxalq dairədə yayılmaqda olan genişmiqyaslı antiterror əməliyyatlarının bir hissəsi kimi qeyd edilir. Məlumatı yayanların dediklərinə görə, təhqiqatın nəticələri ABŞ prezidenti Barak Obamaya məruzə edilmişdir.
Federal agentlər Zazi Kolorado ştatının Denver şəhərciyində yaşayarkən, sentyabrın əvvəllərində onu izləməyə başlamışlar. Sentyabrın 9-da Zazi arendaya götürdüyü avtomobillə Nyu-Yorka gedirdi. O, yalnız izləndiyini hiss etdikdən sonra evinə qayıtmışdır. Hakimiyyət dairələri Nyu-York və Koloradoda axtarışlar aparıb, Zazini, atasını və bir Nyu-York imamını həbs etmişlər.
24 yaşlı Zazi haqqında söhbət gedən terror aktının yeganə həbs edilmiş iştirakçısıdır. İstintaqın məlumatına görə, o, "Əl-Kaidə" düşərgəsində hazırlıq kursu keçmişdir. Ehtimal edilir ki, terrorçuların məqsədi Nyu-York metrostansiyalarının birində partlayış törətmək istəmişlər. İstintaqın bu yöndə yeni həbslər edəcəyi gözlənilir.

Digər xəbərlər