İran dünya üçün təhlükə mənbəyinə çevrilir
İran dövlətinin dünyadan təcridolunma siyasətini həyata keçirməsi artıq bəllidir. Lakin onun BMT qarşısında götürdüyü öhdəçilik də öz qüvvəsində qalır. Bu öhdəçiliyə görə, İran nüvə silahının nəinki istifadə edilməsi, hətta istehsal edilməsi ilə də məşğul ola bilməz. Lakin heç bir qadağaya məhəl qoymayan İran rəhbərliyi bu sahədə də öz bildiyi kimi siyasət yeritməkdədir. Bir müddət bundan öncə, İranda keçirilən hərbi təlimlər zamanı da qadağan edilmiş nüvə silahları nümayiş etdirildi ki, bunlar da insan həyatı üçün çox böyük təhlükə mənbəyidir. Hərbi paradın keçirilməsindən bir müddət sonra isə, sırf nüvə silahları sayılan "Şahab-1" və "Şahab-2" raketləri, yuxarıda da qeyd etdiyimiz kimi, sınaqdan keçirildi. Bu sınaqların çox böyük müvəffəqiyyətlə həyata keçirildiyi də İran mənbələrində göstərilir.
Buna qarşı bir müddət öncə, ABŞ prezidenti Barak Obama özünün sərt mövqeyini bildirərək, bunun yolverilməz olduğunu nəzərə çatdırmışdı. O, hətta İrana öz məqsədlərindən əl çəkmək üçün bəlli bir vaxt müddəti də vermişdi ki, əgər bu müddət ərzində İran dövləti uranın zənginləşdirilməsini dayandırmazsa, ona qarşı sərt sanksiyalar təbiq ediləcəyini də bildirmişdi. Lakin buna heç bir məhəl qoymayan İran rəhbərliyi tezliklə raket sınağını həyata keçirdi və hətta dünyaya da belə bir mesaj verdi ki, heç bir dövlət İrana qarşı çıxa bilməz belə bir hal müşahidə olunarsa, ona qarşı lazımi cavab veriləcəkdir. İranın hərbi gücünün yüksək səviyyəsinin isə buna yardımçı olacağını bildirmişdi. Belə bir vəziyyətdən narahat olan digər dövlət isə İsraildir. İran ilə İsrail arasında məlum narazıçılıq mövcuddur ki, İran da müxtəlif dövrlərdə İsrailə qarşı öz silahlarından istifadə edəcəyini bildirib.
Əlbəttə, bu gün qloballaşan dünyada bütün insan həyatı üçün təhlükəli olan silahların qadağan olunduğu bir vaxtda İranın belə bir addıma əl atması dünya ictimaiyyətinin narazılığına səbəb olmaya bilməz. Bu silahların tətbiq olunmasının tarixdə hansı böyük fəlakətlərə gətirib çıxardığı da məlumdur. Bunun nəticəsində milyonlarla insan həlak olmuş, həmin ərazilərdə müxtəlif xəstəliklər yaranmış, bu torpaqlar yararsız hala düşmüşdür. Belə halın təkrar olunmayacağına da heç kim zəmanət verə bilməz. İranın son zamanlar apardığı hərbi siyasət isə bunun çox tez bir zamanda da təkrar olunacağına bir işarə kimi göstərilə bilər. İranın hər an bu silahlardan istifadəsi nəzərə alınmalıdır. Buna görə də, tez bir zamanda, İranın yeritdiyi qeyri-demokratik və hərbiləşdirmə siyasətinə qarşı müəyyən sanksiyaların tətbiq olunması vacibdir.
İranın yeritdiyi siyasətdən danışarkən, onun yerləşdiyi regionu da nəzərə almaq vacibdir. Burada onunla qonşu dövlətlərin, xüsusilə, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Belə ki, Azərbaycan İranla qonşu dövlətdir və onun istifadə etdiyi nüvə silahlarından zərər görməyəcəyini də demək olmaz. Hər halda, bu gün Azərbaycan dövləti ilə İran arasında hər hansı bir münaqişə və ya narazıçılıq olmasa da, İranın yeritdiyi xarici siyasətdə Azərbaycana qarşı məqamların olması müşahidə olunur. Onun Ermənistanla qurduğu sıx əməkdaşlıq münasibətləri bir çox sahələri əhatə edir. Bundan başqa, İranla Azərbaycan arasında tarixən düşmənçiliyin olması da nəzərə alınmalıdır. Buna görə də İrandan gələcək potensial təhlükəni gözləmək olar.