PDF Oxu

Dünya

  • 20

Ermənistan beynəlxalq sənədlərə əməl etməlidir

Ermənistan beynəlxalq sənədlərə əməl etməlidir
Avropa Şurasının Katibliyi Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun bu məsələlərlə əlaqədar fikirlərini ayrıca nəşr edərək yayıb.
    Sənəddə göstərilir: "Mədəniyyətlərin yaxınlaşmasının ən əlamətdar cəhəti əlaqə və qarşılıqlı bəhrələnmədir. Məhz bunun nəticəsində mədəniyyətlər inkişaf edir, öz milli xüsusiyyətlərini qorumaqla yanaşı, sırf etnik çərçivələrindən kənara çıxaraq ümumilik, dünyəvilik qazanır.
    Avropa və Asiyanın qovşağında yerləşən, özündə həm Qərb, həm də Şərq mədəniyyətlərini birləşdirən Azərbaycan bu baxımdan çox bariz nümunədir.
    Əlavə edək ki, Avropa və Şərq mədəniyyətlərinin ifadəçisi olan Azərbaycan həm də Cənubi Qafqaz ölkəsidir və bu regionun da mədəniyyəti bir sıra fərqli özəlliklərə malikdir.
    Bunca müxtəlif mədəniyyətləri özündə üzvi şəkildə qovuşduraraq, inkişaf etdirməyi bacaran ölkələrdə tolerantlıq bir həyat norması olaraq formalaşır. Bu keyfiyyət Azərbaycanda bütün tarix boyu müşahidə edilmiş, bu gün də mövcuddur.
    Qədim dövrlərdən orta əsrlərədək, yeni dövrdən müasir vaxtadək Azərbaycanda atəşpərəstlik məbədi və müsəlman məscidi, xristianlığın müxtəlif qanadlarına məxsus kilsələr və yəhudi sinaqoqu yanaşıdır.
    Şərq və Qərb estetik təfəkkürünə xas olan formalar, janrlar həm musiqidə, həm rəssamlıqda, həm heykəltəraşlıqda, həm ədəbiyyatda, bir sözlə, Azərbaycan mədəniyyətinin bütün sahələrində doğma forma və janrlar kimi, təbii və qanunauyğun hal kimi qəbul edilmiş və edilməkdədir.
    Mədəniyyət təhsili də, bütünlükdə, bu model əsasında qurulub və irəliləyir. Azərbaycan nümunəsi üzərində belə geniş dayanmağım səbəbsiz deyil.
    Tarixən formalaşmış olan bu xüsusiyyət indi biz hamımız Avropa Şurası ailəsinin üzvü olduğumuz, məhz mədəniyyətlərin belə qarşılıqlı inkişafını təqdir və təşviq etdiyimiz zamanlarda, xüsusilə, aktual görünür.
    Bir ölkənin timsalında tarixən gerçəkləşmiş proseslər Avropa Şurasının mədəniyyət təhsilini qurmaqda təklif etdiyi meyarlarla çox həmahəng səslənir.
    Lakin mədəniyyətlərin qarşılıqlı əlaqəsi, biri-birilərinə təsiri və qarşılıqlı bəhrələnmələri qətiyyən mədəniyyətlərarası mənimsəmə və qəsbetmə faktları ilə eyniləşdirilə bilməz.
    Qarşılıqlı təsir və bəhrələnmə mədəniyyətlərarası dialoqun təsdiqidirsə, mədəniyyətlərarası qəsbetmə dialoqun və qarşılıqlı anlaşmanın əleyhinə yönəlmiş aqressiya təzahürüdür.
    Təəssüflər ki, biz təcrübədə bunun da arzuolunmaz nümunələri ilə rastlaşırıq və ən pisi odur ki, belə hallar Avropa Şurasına üzv ölkələr arasında da mövcuddur.
    Ermənistanın müəyyən qüvvələrin dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, 20 ilə yaxın bir müddətdə Azərbaycana məxsus olan Dağlıq Qarabağ və daha 7 rayonu işğal altında saxlaması, 1 milyona yaxın insanı məcburi köçkün və qaçqına çevirməsi acınacaqlıdır və AŞPA Ermənistanın bu təcəvüzkar siyasətinə qəti əks mövqeyini 1416 saylı xüsusi qətnaməsində əks etdirib.
    Bu təcavüzün ən ağır zərbələrindən biri də mədəniyyətə, mədəni sərvətlərə dəyib. İşğal altındakı ərazilərdə olan on minlərlə mədəniyyət abidəsi ya dağıdılıb, ya da qəsb edilib.
    Dözülməz haldır ki, Ermənistan həmin antimədəniyyət siyasətini hazırda da davam etdirməkdədir. Bu gün də Azərbaycan folklorunun ayrı-ayrı inciləri, Azərbaycan xalça sənətinin, musiqisinin, hətta ən məşhur əsərləri erməniləşdirilir.
    Bunlar bir yana, Azərbaycanın öz əsərləri də dünyada tanınan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin əsərləri erməni sənət nümunələri kimi tirajlanır.
    Hətta ermənilər Azərbaycan ərazisinin dörd bir tərəfində mövcud olan qəbirlərə də sahib çıxmaq, onları da özününküləşdirmək, qəsb etmək təşəbbüsləri ilə çıxış edirlər.
    İslamiyyət Azərbaycana IX əsrdə gəlib. O vaxta qədər ölkədəki əsas dinlərdən biri xristianlıq olub və azərbaycanlıların orta əsrlərə məxsus çoxlu xristian abidələri və xristian qəbirləri var.
    Bütün başqa sahələrdə qəsbkarlıq xətti tutmuş Ermənistanın bu yöndə müşahidə edilən əsassız iddiaları davakar qonşunun mahiyyətinə tam uyğundur.
    Belə xoş olmayan, mədəniyyətlərin dialoquna mane olan təmayüllər bir daha əyani şəkildə sübut edir ki, Avropa Şurasının mədəniyyət təhsilinə, mədəniyyətləri tanıtma ideyasına bu dərəcədə diqqət yetirməsi tamamilə düzgündür.
    Əlbəttə, mədəniyyət təhsili, bu təhsil şəbəkəsinin vasitəsilə mədəniyyətlərin biri-birilərini tanıması və öyrənməsi daha mükəmməl biçimdə tənzimlənərsə, mədəniyyətlərarası dialoqa əngəl törədən hallar azalar, tədricən yox olar, bu dialoq daha uğurlu nəticələrə gətirib çıxarar.
    Avropa Şurası bunu istəyir, mədəni Avropa ölkələri bunu istəyir, zaman bunu istəyir".
    Sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyası sessiyasının üçüncü iş gününün ikinci yarısında keçirilmiş iclasında avropalı deputatlar Hüquq məsələləri və insan hüquqları komitəsi ilə Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin birgə hazıladığı "Avropa İnsan Haqları Konvensiyasına Sağlam Ətraf Mühitdən İstifadə Hüququna dair Əlavə Protokolu" adlı məruzə ətrafında müzakirlərdə iştirak ediblər.
    Ətraf mühit, kənd təsərrüfatı və ərazi məsələləri komitəsinin üzvü portuqaliyalı deputat Joze Mendes Bota məruzəsində son vaxtlar ətraf mühitlə bağlı problemlərin insanları ciddi şəkildə düşündürdüyünü, iqlim dəyişikliyinin qlobal məsələyə çevrildiyini, insanların ətraf mühitə vurduğu zərərlər barədə ətraflı məlumat verib.
    Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov məruzə ətrafında çıxışında deyib: "Sağlam ətraf mühit bilavasitə insanın həyatı ilə bağlı olduğundan, təbii ki, heç vəchlə sırf ekoloji problem sayıla bilməz. Bu məsələ kifayət qədər siyasi mənası olan və insan hüquqları ilə əlaqəli şəkildə araşdırılmalı sualdır.
    Arxada qalan 9 ildə Azərbaycanın Avropa Şurası çərçivəsində ətraf mühit məsələləri ilə bağlı əksər müzakirələrə fəal müdaxiləsi, ilk növbədə, məhz bu amildən irəli gəlir.
    İşğala məruz qalmış bir ölkə olaraq Azərbaycan öz ekologiyasına da təcəvüzkar Ermənistan tərəfindən, mütamadi olaraq, ağır zərbələr vurulduğunu dəfələrlə bəyan edib.
    Hərbi təcavüz, onun dağıntıları hansısa qısa zaman kəsiyində baş verən hadisədirsə, ekoloji müharibə daha uzunmüddətli, zərərli təsiri xeyli dərinlərə işləyən daha qorxulu faciədir.
    Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş və hər cür beynəlxalq nəzarətdən kənarda qalan ərazilərində işğalçı dövlətin narkotiklər əkib-becərdiyi, nüvə tullantıları basdırdığı, çaylara zəhərli kimyəvi və radioaktiv maddələr axıtdığı barədə dəfələrlə burada məsələ qaldırılmış, ciddi sənədlər hazırlanmışdır.
    Son illər Ermənistan tərəfindən həm işğal altındakı ərazilərdə, həm də Azərbaycanla həmsərhəd bölgələrdə yanğınlar törədilməsi sistemli səciyyə alıb. Meşələrin və əkin sahələrinin yandırılması, flora və faunaya yetirdiyi fəsadlarla yanaşı, həmin ətrafda yaşayan insanların daim qorxu və təlaş içərisində yaşamasına da səbəb olub. Amma işğalın vurduğu daha bir ciddi zərbə təbiətin vəhşiləşdirilməsidir. Ermənistanın işğal altında saxladığı ərazilər 20 ilə yaxındır ki, əkilib becərilmir. Bunlar məhsuldar torpaqlar idi.
    Ətraf mühitə yalnız ona qarşı aqressiv münasibətlə deyil, bu cür zahirən passiv görünən münasibətlə də ağır yaralar vurmaq olurmuş. İstifadəsizlik, torpağın vaxtaşırı emal olunmaması təbiətdəki balansı pozur, lantşafın özündə ciddi dəyişiliklərə meydan açıb.
    İndi zəhərlənmiş, saysız-hesabsız minalar basdırılmış o torpaqları əvvəlki normal vəziyyətinə qaytarmaq üçün on illərlə müddət tələb olunur. Yaşamaq və sağlam yaşamaq insanın ilk və ən ali haqqıdır. Təbiətə qarşı qəddar münasibət bəlkə də toplarla, atəşlərlə edilən təcavüzdən daha qorxuludur. Çünki bu, insanın ali haqlarının yalnız indisinə deyil, gələcəyinə də təhlükə vəd edir.
    Azərbaycan insanlarının sağlam ətraf mühitdən istifadə edərək normal yaşamaq haqqı da Ermənistan tərəfindən beləcə məqsədli və ardıcıl şəkildə pozulmaqdadır. Bu cür həyat əhəmiyyətli problemlərlə üz-üzə olduğundan Azərbaycan, aydın məsələdir ki, İnsan Haqları üzrə Avropa Konvensiyasının sağlam ətraf mühitdə yaşamağa dair əlavə Protokolunu yüksək dəyərləndirir, onu hər cəhətdən təqdir edir. Amma bir şərtlə ki, bu protokol işləsin və hamı üçün işləsin. İlk növbədə, bu protokolun təklif etdiyi bir sıra ümdə məsələlərə münasibətdə daim pozuculuq xətti tutan Ermənistan kimi intizamsız dövlətə münasibətdə işləsin.
    Amma buna ümid azdır. Çünki Ermənistanın yalnız təcavüz etdiyi qonşu ölkənin ekologiyasına ziyan vurmaqda yox, öz xalqının gələcəyinə də ölkədə ekoloji tarazlığı pozmaqla vurduğu ziyanlar bəllidir. Neçə illərdir ki, Ermənistandakı Yaşıllar Hərəkatının etiraz səsi Ermənistan dövləti tərəfindən boğulmaqdadır.
    Arzu edərdik ki, protokolun tələbləri qanunlara məhəl qoymayan belə üzvlər üçün icbari olsun. İnanmaq istərdik ki, qəbul edilən protokol problemin həllinə öz müsbət töhfələrini verəcək, Avropa insanının sağlam ətraf mühitdə yaşamaq haqqının daha yüksək səviyyədə təmin olunması üçün etibarlı zəminə çevriləcəkdir".
    Azərbaycanlı deputatın çıxışı maraq doğurub, məruzəçi cavab nitqində bu qəbil problemləri Avropa Şurasının hər an nəzarədə saxlamasının vacib olduğunu vurğulayıb.
    Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndə heyətinin üzvləri getdikcə daha fəal iş aparır və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Bu da Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin beynəlxalq dəstəyə sahib olmasını şərtləndirir.

Digər xəbərlər