PDF Oxu

Dünya

  • 9

Qvineyada nümayiş dağıdılarkən 58 nəfər həlak olub

Qvineyada nümayiş dağıdılarkən 58 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Qvineyanın paytaxtı Konakri şəhərində müxalifətçilərin mitinqi dağıdılarkən, 58 nəfər həlak olmuşdur. Şəhərin tibb müəssisələrinin məlumatına görə, çoxsaylı hərbi avtomobillər ölüləri şəhər morqlarından naməlum istiqamətə aparırlar.
Sentyabrın 28-də Konakrinin mərkəzi meydanlarından birində kapitan Mussa Dadi Kamar rejiminin əleyhdarları etiraz aksiyası keçirməyə hazırlaşırdılar. Xatırladırıq ki, M.Dadi Kamar 2008-ci ilin axırlarında hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdir. Hakimiyyət dairələri nümayiş keçirməyi qadağan etmişdir. Ancaq özlərini Qvineya xuntasının liderləri hesab edən minlərlə rejim əleyhdarları qadağalara məhəl qoymadan küçələrə çıxmışlar.
"Röyter" agentliyinin şahidlərə əsaslanaraq, yaydığı məlumata görə, Qvineyanın təhlükəsizlik qüvvələri nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmiş və müxalifətçilərə atəş açmışlar. Agentliyin qeydinə görə, ötən bazar günü müxalifətçilərin etiraz aksiyası M.Dadi Kamarın səfər etdiyi Labe şəhərində keçiriləsə də, heç bir insident baş verməmişdir.
Fransanın Xarici İşlər Nazirliyi Qvineyada nümayişçilərə divan tutulmasını rəsmi surətdə ittiham edərək, onu "sərt repressiya" kimi qiymətləndirmişdir. Fransanın keçmiş koloniyası olan Qvineyada gərgin vəziyyət 2008-ci ilin sonlarında ölkə prezidenti Lansan Kontenin ölümündən sonra M.Dadi Kamarın başçılığı ilə hərbi xuntanın hakimiyyətə gəlişi ilə başlanmışdır. Özünü ölkə başçısı elan etmiş M.Dadi Kamar yeni prezident seçkilərini 2010-cu ilə təyin etmişdir. Qvineya prezidenti 7 il müddətinə məhdudiyyətsiz olaraq seçilir. L.Konte 1984-cü ildən ölənədək Qvinayanın prezidenti postunu tutmuşdur.

Digər xəbərlər