Kəddafi BMT TŞ-nin üzvlərinin hamısı üçün daimi veto hüququ tələb edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Liviya prezidenti Müəmmər Kəddafi BMT Təhlükəsizlik Şurasının bütün üzvləri üçün daimi veto huququ verilməsini tələb etmişdir.
Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından çıxış edən M.Kəddafi bütün millətlərin bərabərlik məsələsini ortaya atmışdır. Liviya liderinin fikrincə, hazırda BMT TŞ-nin cəmi 5 daimi üzvünün veto hüququ qazanması ədalətsizdir və özlüyündə "siyasi feodalizm" əlamətlərini təzahür etdirir. M.Kəddafi belə hesab edir ki, Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransadan başqa BMT TŞ-nin regional qrupundan 2 il müddətinə seçilmiş digər 9 üzvünə də daimi veto hüququ verilməlidir.
Agentliyin məlumatına görə, Liviya lideri öz çıxışını olduqca emosional tərzdə davam etdirmiş və hamının gözü qarşısında az qala BMT-nin Nizamnaməsini cırmaq istəmişdir. M.Kəddafi, həmçinin, təklif etmişdir ki, ABŞ rəhbərliyinin terrorçuluqdan qorxduğunu nəzərə alıb BMT-nin mənzil-qərargahı Nyu-Yorkdan, məsələn, Pekinə aə ya Dehliyə köçürülsün. "Siz nə səbəbə bura gəlmisiniz? Məgər bura sizin üçün Yerusəlim, Vatikan və ya Məkkədirmi?" deyə M.Kəddafi BMT Baş Assambleyasının 64-cü sessiyasının zalda əyləşmiş iştirakçılarına müraciət etmişdir.