PDF Oxu

Dünya

  • 11

Erməni lobbisi nədən təşvişə düşüb?

Erməni lobbisi nədən təşvişə düşüb?
Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda müzakirələr təkcə Azərbaycanda deyil, həm də Türkiyə və Ermənistanda da ciddi narazılıq doğurub. ABŞ-ın erməni diasporu Türkiyə-Ermənistan münasibətlərinin normalaşmasına qarşıdır. Erməni lobbisinin ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senata ünvanlanan məktublarında Ankara ilə Yerevan arasında avqustun 31-də açıqlanan razılaşmadan narahatçılıq ifadə olunur.
Bu məktublarda Ermənistana təzyiq edilməsi ilə bağlı fikir yer alıb. Diaspor "erməni soyqırımı" tanınmayınca "Türkiyə ilə münasibətlərin normallaşmasına yol yoxdur" deyilir.
Bu müraciətdən sonra ermənipərəst konqresmenlər Pallone və Kirk Türkiyənin 31 avqust protokollarındakı şərtləri yerinə yetirəcəyi və Ermənistana qarşı olan 16 illik blokadanı götürəcəyi ilə bağlı səmimiyyətini şübhə altına qoyublar.
Pallone və Kirk hesab edirlər ki, ikitərəfli münasibətlərin normallaşması ilkin şərtlər olmadan, o cümlədən də Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirilmədən həyata keçməlidir.
Nümayəndələr Palatasının Avropa məsələləri üzrə alt komitəsinin rəhbəri, Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü Robert Veksler hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması regiondakı soyuq şəraiti dəyişər və Qarabağ münasibətinin sülh yolu ilə həllinə dəstək olar.
Prezident Barak Obamanın administrasiyası Türkiyənin "erməni açılımı"nı dəstəkləsə də, Konqresdə Yerevan-Ankara yaxınlaşmasına birmənalı fikir yoxdur. Öncədən məlum idi ki, erməni müxalifəti ilə birgə həm də erməni lobbisi Ankara-Yerevan protokollarını "həzm" etmək niyyətində deyil. Elə bu əngəli başlıca maneə sayan bir çox ekspertlər protokolları "ölü doğulmuş" sayırlar.
Yeri gəlmişkən, Türkiyədə bir çoxları belə ümid edirlər ki, İrəvanla yaxınlaşma, ortaq tarix komissiyasının yaradılması qondarma soyqırımı "erməni gündəmi"ndən çıxara bilər. Lakin bunu unutmaq lazım deyil ki, erməni diasporunu qondarma soyqırım ayaqda saxlayır.
Təsadüfi deyil ki, protokollar açıqlanar-açıqlanmaz ABŞ-ın erməni lobbisi Konqresə müraciət edərək "dərhal soyqırımı tanıyın!" tələbi irəli sürmüşdü. Hətta erməni diasporu tələb edirdi ki, prezident Obama da "erməni soyqırımı"nı tanımadığını və ortaq tarix komissiyasının yaradılmasına dəstək vermədiyini açıqlasın.
Erməni lobbisinin təşvişə düşməsi bəzi sual və qənaətləri ortaya çıxarır. Əsas qənaət budur ki, erməni diasporu Türkiyə-Ermənistan yaxınlaşmasının baş tutacağına ciddi şəkildə inanıb, odur ki, tələm-tələsik özlərinə gün ağlayırlar.
Maraqlıdır ki, bu məsələdə Ermənistan hakimiyyəti və erməni müxalifəti fərqli mövqe tutur. Xaricdəki erməni lobbisinin isə erməni müxalifətini dəstəkləməsi o qədər də təəccüblü deyil. Nədən ki, erməni lobbisi daim rəsmi Yerevanı təzyiq altında saxlamaqla özünün istəklərini həyata keçirmək niyyətindədir.
Hadisələrin gedişi göstərdi ki, Türkiyə hökumətinin yürütdüyü siyasət heç də düzgün deyil və regionda sülhə və mehriban qonşuluğa heç bir töhfə verə bilməyəcək. Belə olduqda oyuncaq Ermənistan hakimiyyəti ilə hansısa danışıqlar və əməkdaşlıq ilk növbədə Türkiyənin özünə problem yaradacaq. Ən azı ona görə ki, ermənilər heç vaxt qondarma soyqırım iddialarından əl çəkməyəcəklər.

Digər xəbərlər